Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Vətəni müdafiəyə hazıram – Taktiki bacarıqlar və liderlik düşərgəsi” layihəsi Biləsuvar rayonunda uğurla həyata keçirilir.
“Regioninfo” xəbər verir ki, layihə çərçivəsində məktəblilərə vətənpərvərlik ruhunun aşılanması ilə yanaşı, onların fiziki və intellektual inkişafına xidmət edən çoxşaxəli fəaliyyətlər təşkil olunur. Proqramda fiziki hazırlıq və dözümlülüyün artırılması, taktiki bacarıqların inkişafı, dəqiq atıcılıq və hədəf vurma, hərbi-simulyasiya oyunları, vətənpərvərlik dərsləri, tarixi turlar, ilk tibbi yardım və fövqəladə hallara hazırlıq, xəritə və naviqasiya bacarıqlarının təkmilləşdirilməsi, komanda və liderlik bacarıqlarının gücləndirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində komandalararası yarışlar, simulyasiya olunmuş xilasetmə və strateji oyunlar, xəritə üzrə istiqamət müəyyən etmə tapşırıqları, təhlükəsiz şəraitdə idman atıcılığı, komanda oyunları, veteranlarla görüşlər, tarixi muzey və abidələrə ekskursiyalar, intellektual yarışlar və estafet idman oyunları keçirilir.
Qeyd edək ki, layihə Birinci Qarabağ müharibəsi qazisi, hərbi hazırlıq müəllimi Rasim Mirzəyev tərəfindən Biləsuvar rayon Rüfət Mikayılov adına Bəydili kənd tam orta ümumtəhsil məktəbində həyata keçirilir. Layihənin məqsədi 7–9-cu sinif şagirdlərini çevik, gümrah və vətənpərvər ruhda yetişdirməklə yanaşı, onları liderlik, komanda işi, strateji düşünmə və taktiki bacarıqlarla təchiz edərək real situasiyalara uyğun praktiki təcrübə qazandırmaqdır.
