Vətəndaşların rahatlığı, pasiyentlərə operativ xidmət

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların rahatlığının təmin olunması və pasiyentlərə tibbi xidmətin daha operativ təşkili istiqamətində məqsədyönlü işlər davam etdirilir.

Vətəndaş məmnunluğunun artırılması məqsədilə xidmətin daha əlçatan formada qurulması istiqamətində bir sıra mühüm addımlar atılıb. Elektron növbə sisteminin tətbiqi, qeydiyyat prosesinin mərkəzləşdirilməsi, pasiyent axınının düzgün tənzimlənməsi xəstəxanaya müraciət edən sakinlər tərəfindən müsbət qarşılanır.

Xəstəxana rəhbərliyinin kollektivin səmərəli rəy və təkliflərini dinləməsi və məqsədəuyğun olanların icrasını təmin etməsi də xüsusi təqdirəlayiq haldır. Bu yanaşma hər gün xəstəxanaya müraciət edən yüzlərlə pasiyentin rahatlığına, eyni zamanda tibbi personalın fəaliyyətində səmərəliliyin artmasına xidmət edir.

Son günlər Acil şöbəsinin giriş qapılarının sensor qapılarla əvəzlənməsi də diqqət çəkən yeniliklərdəndir. Əvvəllər Cərrahiyyə və Terapiya şöbələrinə müraciət edən pasiyentlərin Acil şöbəsindən keçməsi burada süni sıxlıq yaradır, bu isə kollektivin işində əlavə çətinliklərə səbəb olurdu.

Acil şöbəsindən Terapiya və Cərrahiyyə şöbələrinə ayrıca çıxışın ayrılması bu problemin aradan qaldırılmasına imkan verib. Artıq Acil şöbəsinin kollektivi kənar müraciətlərlə məşğul olmur və birbaşa öz funksional vəzifələrinə fokuslanır. Bu isə həm xidmətin operativliyinə, həm də ümumi iş prosesinin daha səmərəli təşkilinə müsbət təsir göstərir.

Qeyd edək ki, pasiyentləri uzun müddət narahat edən məsələlərdən biri də Anket otağının əsas korpusdan kənarda, ayrıca binada yerləşməsi idi. Pasiyentlər qeydiyyatdan keçmək üçün xəstəxananın əsas korpusunu tərk edərək, nəqliyyatın sıx hərəkət etdiyi ərazidən keçməyə məcbur qalırdılar. Xüsusilə yaşlılar, fiziki məhdudiyyətli şəxslər və təcili tibbi yardıma ehtiyacı olan pasiyentlər üçün bu vəziyyət ciddi çətinlik yaradırdı. Yağışlı və qarlı havalarda isə problem daha da kəskinləşirdi. Öncə iki korpus arasında piyada yolunun salınması bu istiqamətdə davam edən problem aradan götürüb.

Ümumilikdə, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilən bu dəyişikliklər göstərir ki, səhiyyə sahəsində real nəticə verən islahatlar ilk növbədə vətəndaşın gündəlik ehtiyaclarına diqqətdən başlayır. Pasiyentin vaxtına, rahatlığına və sağlamlığına hesablanan hər bir addım tibb müəssisəsinin nüfuzunu artırmaqla yanaşı, cəmiyyətin səhiyyə sisteminə olan etimadını da möhkəmləndirir.

Surxay Şahbazov 

Paylaş:
Yuxarı