“Tarixi tənqidçilər” – məktəblilərin media savadlılığının artırılmasına dəstək qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub.
Layihə çərçivəsində məktəblilərdə tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, media manipulyasiyalarına qarşı dayanıqlılığın artırılması və tarixi informasiyanın düzgün təhlil edilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə Cəlilabad rayonu üzrə seçilmiş 5 ümumtəhsil müəssisəsində 20 nəfər məktəbli üçün peşəkar təlimçi tərəfindən “Tarixi məlumatların təhlili üzərində media savadlılığının artırılması” mövzusunda təlimlər keçiriləcək. Təlim mərhələsindən sonra iştirakçılar arasından seçilən fəal məktəblilər üçün “Tariximizə ekskursiya” adlı infoturun təşkili planlaşdırılır. Bu mərhələdə şagirdlər mediada təqdim olunan tarixi məlumatları real müşahidələrlə müqayisə edərək tənqidi təfəkkürlərini daha da inkişaf etdirəcəklər.
Xatırladırıq ki, “Tarixi tənqidçilər” qrant layihəsi Gülnar Aslanova tərəfindən Cəlilabad rayonunun 5 ümumtəhsil məktəbində həyata keçirilir. Layihənin məqsədi məktəblilərdə tarixi mövzular üzrə tənqidi təhlil bacarıqlarını gücləndirməklə media savadlılığını artırmaq və bu bacarıqların davamlı inkişafını təmin edən mexanizmin formalaşdırılmasıdır.
