Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü hümanizm ideyalarına əsaslanır. Bu amnistiyanı digərlərindən fərqləndirən xüsusiyyər isə ondan ibarətdir ki, müstəqil Azərbaycan tarixində ən geniş miqyaslı amnistiya olacaq. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar yalnız cəzalandırma mexanizmlərinə deyil, eyni zamanda islah, yenidən cəmiyyətə inteqrasiya və sosial ədalət prinsiplərinə əsaslanır. Amnistiya təşəbbüsü məhz bu yanaşmanın təzahürü olaraq, müxtəlif səbəblərdən azadlıqdan məhrum edilmiş, lakin cəmiyyət üçün real təhlükə törətməyən şəxslərə ikinci şans verilməsini nəzərdə tutur. Bu, həm də ailə institutunun qorunmasına, sosial sabitliyin möhkəmlənməsinə və insanların gələcəyə ümidlə baxmasına xidmət edən mühüm addımdır. Amnistiya təşəbbüsü Prezident İlham Əliyevin dövlət idarəçiliyində humanizm, mərhəmət və ədalət prinsiplərini daim ön planda saxladığını bir daha təsdiqləyir. Bu təşəbbüs cəmiyyətə açıq mesajdır ki, Azərbaycan dövləti vətəndaşlarının taleyinə biganə deyil, onların səhvlərindən nəticə çıxararaq düzgün yola qayıtmasını dəstəkləyir. Xüsusilə “Konstitusiya və Suverenlik İli” kimi tarixi və rəmzi əhəmiyyət daşıyan bir dövrdə amnistiyanın gündəmə gətirilməsi dövlət suverenliyinin yalnız ərazi bütövlüyü ilə deyil, həm də hüquqi və mənəvi dəyərlərlə möhkəmləndirildiyini göstərir. Amnistiyanın şamil olunacağı şəxslər kateqoriyası da bu təşəbbüsün sosial ədalət və humanizm prinsiplərinə əsaslandığını açıq şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin bu təşəbbüsü bir daha göstərir ki, Azərbaycan dövləti güclü olmaqla yanaşı, ədalətli və mərhəmətli dövlətdir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya ideyası müstəqil Azərbaycanın hüquqi, humanist və sosial yönümlü inkişaf strategiyasının parlaq təzahürü kimi tarixə düşür və cəmiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanda amnistiya aktları yalnız hüquqi prosedur deyil, eyni zamanda dövlətin sosial məsuliyyətinin, ədalət və mərhəmət dəyərlərinə sadiqliyinin təzahürüdür. Prezidentin bu təşəbbüsü xalqımızın həmrəyliyinə, cəmiyyətlə dövlət arasında etimadın daha da möhkəmləndirilməsinə və hüquqi dövlət prinsiplərinin dərinləşməsinə mühüm töhfə verəcəkdir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı-Cavid Əliyev