Qurani-Kərimdə sadəlik, yalnız zahiri görünüşdə deyil, həm də insanın daxili niyyətində, əməllərində, başqalarına qarşı davranışlarında və Allahla münasibətində təcəssüm edən əxlaqi bir keyfiyyətdir. Bu, Allahın razılığını qazanmağın, mənəvi kamilliyə çatmağın vacib bir yoludur.
Əslində yazıya bu cür başlamağımın səbəbi var. Haqqında danışacağım adamda yuxarıda sadalanan əməllərin hər biri mövcuddur. Kiminsə haqqında yazı yazmağı xoşlamıram, amma indi haqqında danışacağım adamın etdiyi yaxşlıqlara görə bu yazını yazmağı özümə borc bildim.
Onun adı Rafiq Abışovdur – xeyriyyəçi, iş adamı. Amma heç vaxt etdiyi yaxşılıqların ictimailəşdirilməsinə icazə verməyib.
Rafiq müəllimi Cəlilabadda, xüsusən də yaşadığı Göytəpə şəhərində yaxşı tanıyırlar. Sadə insanların, ziyalıların, şəhid ailələrinin dostudur. Onunla cəmisi iki dəfə görüşmüşük. Birinci görüşümüz 10-15 dəqiqə çəkib.
İkinci görüşümüz isə noyabr ayında Cəlilabadda olduğum vaxt baş tutdu və bu görüş çox xoş təəssüratlarla yadda qaldı. Rafiq müəllimlə görüşüb bir masa arxasında çay içərkən söhbətləşdik. Söhbət əsasında dedim ki, Rafiq müəllim, Milli Qəhrəman Pəncəli Teymurovgilə getmək istəyirəm. İnşallah imkan olsa nə qədər ki, rayondayam bu səfəri reallaşdıraq. Rafiq müəllim bir gecənin içində bütün şəxsi işlərini təxirə salıb, hətta Türkiyədən gələn xəstəsini belə qarşılamağı qardaşı oğluna tapşırıb bu görüşü təşkil etdi.
Yaşca məndən çox böyük olan bu adamın şəhidimizlə bağlı atdığı bu müsbət addım məni həm sevindirdi, həm də çox təəccübləndirdi. İnsan nə qədər vətənpərvər, şəhidə, şəhidin ailəsinə dəyər verərmiş. Şəhid Pəncəligilə gedib məzarını ziyarət etdik, anası Vahimə xanımla görüşdük və bu haqda geniş bir yazı da yazdım.
Pəncəlinin ev muzeyində olarkən günorta namazının vaxtı idi. Dəstəmaz alıb namaz qılanda Rafiq müəllim məni qucaqlayıb öpdü, dedi oğlum, sənə halal olsun! Özü də günorta namazını qıldı. Bu görüş çox xoş təəssüratlarla yadda qaldı.
Rafiq Abışov Cəlilabad rayonunda bütün şəhidlərin anım və ad günlərində iştirak edir. Hələ 44 günlük Vətən müharibəsi zamanı da tez-tez cəbhə bölgəsinə səfər edir, əsgər və zabitlərimizə baş çəkirdi. Bu gün onun doğum günüdür. Səhər sosial şəbəkədə bu haqda dostların paylaşımlarını görüb votsapda yazıb mən də doğum günün təbrik etdim. Bir neçə saat sonra isə zəng vurub təşəkkürünü bildirdi, görüşdə olduğu üçün telefona indi baxmaq imkanı olduğunu dedi. Rafiq müəllim istər özündən yaşlı, istərsə də böyük olsun adamla elə mülayim danışır ki, adam utanır.
Qurani – Kərimdə ər-Rafiq sözü mülayim olan, yumşaq davranan deməkdir. Allahın ər-Rafiq adı Peyğəmbərin hədisində zikr edilir. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – demişdir: “Allah mülayimdir və mülayimliyi sevir. Sərtliyə görə vermədiyini, mülayimliyə görə verir” (əl-Ədəbul-Mufrad, 472). Mülayim olmaq barədə isə Peyğəmbər belə demişdir: “Kimə mülayimlikdən bir pay verilmişsə, ona xeyirdən bir pay verilmişdir. Kim də mülayimlikdən olan payından məhrum olmuşsa, xeyirdən olan payından məhrum olmuşdur. Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq. Həqiqətən, Allah kobud, təhqiramiz sözlər danışan adama nifrət edir” (əl-Buxari “Ədəbul-Mufrad” 464). ər-Rafiq olan Allah insanlara çox rəhm edən, onların işlərini asanlaşdıran və onları çətinliyə salmayandır.
Rafiq müəllim, sadə, lovğalığı sevməyən, insanlara yaxşılıq edən bir insandır. Bu gün Rafiq müəllimin doğum günüdür. Ad gününüz mübarək olsun, dəyərli insan!
Vasif Əlihüseyn
