Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrant müsabiqəsinin qalibi Seyranə Dosduzadənin rəhbəri olduğu “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsi çərçivəsində təlimlərə start verilib.
01.12.2025 tarixində Lənkəran rayon Separadi kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan 1-ci təlimi giriş sözü ilə layihənin rəhbəri Seyranə Dosduzadə açaraq “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsinin dəstəklənməsindən ötrü Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib. Layihə çərçivəsində nəzərdə tutualn fəaliyyətlərə diqqət yönəldərək layihə icra planını təqdim edib. Layihənin həm rəqs kimi milli-mənəvi dəyərlərimizin qorunmasına dəstək olmasından, həm də fiziki aktivliyi təmin edərək sağlamlıq baxımından faydalı olmasından danışıb. Sonra təlimə start verilib.
Layihənin təlimçisi Anaxanım Bağırzadə təlim zamanı şagirdlərlə Azərbaycanın qədim xalq rəqslərindən biri “Uzun dərə” rəqsi, xalq musiqisi nümunəsi olan “Şuşanın dağları” mahnısı üzərinə çalışıb. Təlimçi qeyd olunan musiqi nümunələrinin tarixi və onların Azərbaycan mədəniyyətində rolu haqqında məlumat verdikdən sonra iştirakçı məktəbli qrupları ilə rəqs elementlərinin ilkin hərəkətləri üzərində fiziki hərəkətlər öyrədilib. Təlim iştirakçı məktəblilərin böyük marağı ilə müşayiət olunub.
Qeyd edək ki, “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsi 01.10.2025-01.04.2026-cı il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihənin məqsədi məktəbliləri Azərbaycan milli rəqslərini ifa etməyə cəlb edərək onların həm milli-mənəvi dəyərlərimizlə yaxından tanış etmək, həm də onları fiziki fəallığa davamlı cəlb etmək üçün dayanıqlı imkanlar yaratmaqdan ibarətdir. Layihə 30 nəfər məktəblini əhatə edir.
“Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsinin mətbuat xidməti
