Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrant müsabiqəsinin qalibi Seyranə Dosduzadənin rəhbəri olduğu “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsinin 24.11.2025 tarixində açılış tədbiri yüksək səviyyədə təşkil olunub.
Lənkəran rayon Separadi kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan tədbirdə Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran rayonu üzrə Təhsil sektorunun müdiri Ağamməd Şənmədov, layihənin eksperti Samir Salayev, layihənin təlimçisi Anaxanım Bağırzadə, Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin nəzəriyyə şöbəsinin müdiri Rəqsanə Abdullayeva, digər ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəbin müəllimləri, şagirdləri, mətbuat nümayəndələri və digər qonaqlar iştirak edib.
Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Lənkəran rayon Separadi kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, layihənin rəhbəri Seyranə Dosduzadə direktoru giriş sözü ilə açıq elan edərək gələn qonaqları salamlayıb. Layihənin təşəbbüsü və ərsəyə gəlməsi haqda danışaraq yaratdığı imkanlara görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov öz çıxışı zamanı Təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrant müsabiqəsində qalib olmasını yüksək qiymətləndirib. Layihə mövzusunun aktuallığına diqqət çəkərək bu uğuru məktəbin səmərəli ideyalarla fəaliyyət göstərməsinin növbəti təzahürü hesab edib. Layihə rəhbərini və məktəbin pedaqoji kollektivini də bu uğur münasibətilə təbrik edib.
Lənkəran rayonu üzrə Təhsil sektorunun müdiri Ağamməd Şənmədov öz çıxışında məktəb kollektivini bu uğur münasibətilə təbrik edib. Layihə mövzusunun aktuallığına diqqət çəkərək müasir texnologiyaların insanlarda hərəki aktivliyinin azalmasına təsirini qeyd edib. Hərəki aktivliyin yaradılması prosesində layihənin ideyasının effektivliyindən danışıb. Həm milli dəyərlərin qorunması, həm də sağlamlıq fəaliyyətlərinin təşkili fəaliyyətlərinin birgə təşkilinin müsbət nəticələr yaradacağını qeyd edib. Layihənin işinə uğurlar diləyib.
Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin nəzəriyyə şöbəsinin müdiri Rəqsanə Abdullayeva öz çıxışında milli rəqslərin Azərbaycan mədəniyyətində yeri haqda geniş məlumat təqdim edib. Layihənin məzmununun aktuallığına diqqət çəkib. Layihənin işinə uğurlar arzulayıb.
Layihənin eksperti, təhsil layihələri üzrə mütəxəssis, Elm Tədris Akademiyasının direktoru, Azərbaycan Universiteti Təlim-Tədris Mərkəzinin müdiri, təlimçi Samir Salayev çıxış edərək layihə çərçivəsində görüləcək işlərdən danışıb. Qeyd edib ki, layihə çərçivəsində nəinki məktəblilər fiziki hərəkətliliyə təşviq ediləcək, həmçinin milli rəqs geyim formaları və səsgücləndirici aparat təmin olunacaqdır ki, bu da layihənin davamlılığını təmin edəcək. Layihə komandasının işinə uğurlar diləyib.
Layihənin təlimçisi, musiqi müəllimi Anaxanım Bağırzadə öz çıxışında layihə çərçivəsində təşkil olunacaq 30 saatlıq təlimlər boyunca öyrədiləcək milli rəqslərə diqqət çəkərək hər birinin qədim tarixi olmasını, Azərbaycan mədəniyyətində həmin rəqslərin görkəmli yerindən danışıb. Layihənin işinə uğurlar diləyib.
Lənkəran rayon Separadi kənd tam orta ümumtəhsil məktəbinin direktor müavini Elşən Məmmədov çıxış edərək məktəbin rəhbərli adından layihənin işinə uğurlar diləyib. Layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin ən yüksək səviyyədə icra olunmasında layihə rəhbərinə bütün pedaqoji kollektivin dəstək olacağını qeyd edib. Tədbirə gələn qonaqlara təşəkkürünü bildirib.
Açılış tədbirinin gedişatı boyunca Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında muğam və xalq mahnıları təqdim olunub. Separadi kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Ruhəngiz Dadaşovanın rəhbərliyi ilə 4-cü sinif şagirdlərinin ifasında vətənpərvər məzmunlu kompozisiya təqdim təqdim olunub. Bütün bunlar həm qonaqların marağına səbəb olub, həm də tədbirin rəngarəngliyini daha da artırıb.
Qeyd edək ki, “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsi 01.10.2025-01.04.2026-cı il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihənin məqsədi məktəbliləri Azərbaycan milli rəqslərini ifa etməyə cəlb edərək onların həm milli-mənəvi dəyərlərimizlə yaxından tanış etmək, həm də onları fiziki fəallığa davamlı cəlb etmək üçün dayanıqlı imkanlar yaratmaqdan ibarətdir.
“Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsinin mətbuat xidməti

