Biləsuvarda 5-ci “Hind quşu Festivalı” keçirilib

Biləsuvar şəhər Mərkəzi Parkında Biləsuvar Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Aqrar İnnovasiya Mərkəzinin, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə rayonda quşçuluğun inkişafına dəstək və turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət daşıyan 5-ci “HİNDQUŞU FESTİVALI”keçirilib.
Regioninfo xəbər verir ki, artıq ənənəyə çevrilmiş festivalda rəsmi qurumların nümayəndələri, fermerlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, tanınmış aşpazlar, media təmsilçiləri, yerli sakinlər və xarici qonaqlar iştirak edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov festivalın əhəmiyyəti barədə danışaraq, onun regionda turizmin inkişafına, milli adət-ənənələrimizin təbliğinə, xalqımızın mədəni irsinin cəmiyyətə daha dolğun şəkildə çatdırılmasında mühüm rol oynadığını və kənd təsərrüfatının sahəsi olan quşçuluğun təşviqinə verdiyi töhfələri qeyd ediblər. Vurğulanıb ki, Bu festival təkcə ənənəvi kənd təsərrüfatı bayramı deyil, həm də fermerlərə, istehsalçılara və gənc sahibkarlara yeni imkanlar təqdim edən platformadır. Bu kimi tədbirlər innovativ həllərin regionlarda genişlənməsinə xüsusi təkan verir.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli çıxışında Biləsuvar rayonunun tarixən ölkənin quşçuluq təsərrüfatının formalaşdığı ilk bölgələrdən biri olduğunu qeyd edib. O bildirib ki, rayonda illər boyu formalaşmış təsərrüfat ənənələri və əlverişli təbii-iqlim şəraiti burada quşçuluğun inkişafı üçün mühüm baza yaradıb.
Mürvət Həsənli vurğulayıb ki, hazırda ölkəmizdə quşçuluq sahəsi dinamik inkişaf edir, həm yumurta, həm də quş əti istehsalında ciddi artım müşahidə olunur.
Festival çərçivəsində hind quşundan hazırlanmış müxtəlif növ milli təamlar qonaqlara təqdim olunaraq, ən yüksək keyfiyyətlə hazırlanmış yemək nümunələrinin müəllifləri xüsusi mükafatlarla təltif edilib. Tədbirdə Çin, özbək mətbəxindən nümunələr nümayiş etdirilib və amerikansayağı hind quşu ləvəngisi təqdim olunub.
Bundan əlavə festivalda yerli kənd məhsullarından ibarət satış yarmarkası və kənd həyatını əks etdirən güşə fəaliyyət göstərib.
Festivalda milli-mənəvi dəyərlərimizi əks etdirən toy adətləri və xına mərasimi təşkil olunub.
Bununla yanaşı müxtəlif səpgili əyləncəli tədbirlər, idman oyunları (Darts, Nərd,Tir atıcılığı və oxatma) keçirilib, kəndirbazlar və pəhləvanlar öz məharətlərini göstərib, müxtəlif növ əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş etdirilib.
Tədbirdə qədim İncəsənət: Kələğayı Hazırlanması” Master-class, Basqal şirniyyatları və kəlağayı stendləri də sərgilənib.
Fotosərgi (cənub bölgəsinin ekoturizminə dair), sənətkarların əl işləri və həsrçilik nümayiş olunub.
Festival boyu milli və xarici müsiqilər səsləndirilərib və rəqs nömrələri nümayiş olunub.
Paylaş:
Yuxarı