Elm, bilik paylaşdıqca daha da gözəlləşir, möhkəmlənir. Bu sözlər Saatlı rayonunda yaşayıb-yaradan, riyaziyyat elminə bağlılığı ilə seçilən Namazovlar nəslinə aiddir.
Regioninfo həmin nəslin bir neçə nümayəndəsi ilə həmsöhbət ola raq onların uğur hekayəsini qələmə alıb.
Onlardan da biri Vüqar Namazovdur. Vüqar müəllimin sözlərinə görə, 2008-ci ildən riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. Hazırda Saatlı rayon M. Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbində çalışır. Müəllimlərin Diaqnostik Qiymətləndirməsi (DQ) və müəllimlərin sertifikasiya imtahanın hər ikisində 60 baldan 55 bal (ixtisas 100%) toplayıb.
Vüqar müəllim riyaziyyatı digər fənlərdən daha çox niyə sevdiyini və başqa uğurlarından da həvəslə söz açır:
“Riyaziyyatı bu qədər sevməyim ailəmdə, həm ata həmdə ana tərəfdən tanınmış riyaziyyatçıların olmasıdır. Əmim Şahin Namazov illərdi riyaziyyat sahəsində böyük uğurlara imza atıb. Təsadüfi deyil ki, əmimin saysız hesabsız uğurlarına görə cənab prezident İlham Əliyev tərəfindən mükafatlandırılıb. Əmim 2024-cü ildə 65 yaşında könüllü müəllimlərin sertifikasiya imtahanında iştirak edərək 60 baldan 58 bal toplayıb. Həmçinin bütün uğurlarımda pay sahibi olmuş anam illərdir ki, təhsil aldığım Saatlı rayon Gomuşçu kənd orta məktəbində riyaziyyat müəllimi və hal hazırda direktor müavini vəzifəsində çalışır. Həmçinin mənim fəaliyyətimdə xalam qızı, riyaziyyat müəllimi Şəfəq Əliyevanında böyük rolu olmuşdur. Böyük uğurlara imza atmış və vaxtsız vəfat etmiş Şəfəq müəllimin etdiklərinin bir hissəsini həyata keçirmək üçün hal-hazırda əlimdən gələni edirəm. Eləcədə ailəmizin riyaziyyat ənənəsini övladlarım Namazlı Rəhman və Namazlı Bəhman davam etdirir. Müxtəlif olimpiadalarda uğur qazanan övladlarımın ən böyük uğurlarından biri Bolqarıstanda təşkil olunan Beynəlxalq Sərhədsiz Riyaziyyat Olimpiadasında qızıl medalla ölkəmizə qayıtmaq idi”.
Vüqar müəllim qeyd edir ki, uğurları öz ixtisası ilə yekunlaşmır. İstər intellektual sahədə, istərsə idman sahəsində respublika səviyyəsində böyük uğurlara imza atıb:
“Bunlara nümunə olaraq intellektual yarışlarda 8 dəfə televiziya ekranlarında yayımlanan yarışların Respublika çempionu və dəfələrlə finalçı olduğu üçün 2016-cı ildə Gənclər və İdman Nazirliyi tərəfindən “Ən yaxşı intellektual məşqçi” mükafatı qazanmışam. 2015-ci ildə I Avropa oyunlarının alov məşəlini Saatlı rayonunda alovlandıranlardan biri mən olmuşam. 2018-ci ildə təhsil nazirinin əmrinə əsasən təhsilin inkişafındakı xidmətlərimə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətimə görə “Fəxri Fərman” ilə təltif edilmişəm. 2019-cu ildə Prezident cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam. 2021-ci ildə AGMA-nın və Təhsil Nazirliyinin təşkil elədiyi “Gənc müəllimlər arasında futzal yarışı”nda həm baş məşqçi, həmdə oyunçu kimi çempion olaraq, turnirin “Ən yaxşı oyunçu” diplomu ilə təltif edilmişəm. Eləcədə 2021-ci ildə AGMA-nın və Təhsil Nazirliyinin təşkil etdiyi “Fərq yaradan müəllim” layihəsinin 3 mərhələsini keçərək qalib olmuşam. 2022-ci ildə “Türkiyə – Azərbaycan Öğrətmənlərinin I Eğitim Zirvəsi” proqramında iştirak edib və uğurla tamamladığım üçün “Sertifikat” əldə etmişəm. 2023-cü il Bolqarıstanda “Beynəlxalq Sərhədsiz Riyaziyyat Olimpiadası”nda hazırladığım şagirdlərim 1 kubok, 1 ulduz, 2 gümüş medal və 4 bürünc medalla geri dönmüşdür. Bu yaxınlarda isə elm və təhsil naziri cənab Emin Əmrullayevin sərəncamı ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam”.
Bu nəslin daha bir nümayəndəsi- Vüqar Namazovun əmisi Şahin Namazovdur. Şahin müəllim də riyaziyyat elminə neçə marağının yaranmasından bəhs edərkən, atasını və riyaziyyat müəllimini xatırlayır:
“Rəhmətlik atamın dəqiqlik xarakteri və riyaziyyat müəllimim Həsən Şəmilova olan sevgim mənim bu peşəni seçməyimə səbəb olub. 44 illik fəaliyyətim dövründə buraxılış siniflərimin ali məktəblərə qəbul faizi həmişə yüksək olub. Şagirdlərim riyaziyyat olimpiadalarında fəal iştirak ediblər. 2015-ci ildə BDU-nin Elmi Şurasına təqdim etdiyim elmi-metodik məqaləyə müsbət rəy verildi və bir neçə düstur üçün müəlliflik hüququ aldım. Daim öz üzərimdə çalışıram, yeniliklər axtarışındayam. 2017-ci ildə təhsil naziri tərəfindən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 2018-ci ildə isə cənab prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam”
Şahin müəllim fənnini şagirdlərinə necə sevdirməsindən danışarkən, bildirir ki, müəllim şəxsiyyət etalonu olmalıdır:
“Tədris olunan hər bir mövzunun gündəlik həyatımızda əhəmiyyəti, tətbiqi sahələri şagirdlərə tam açıqlanmalıdır. Əyani vasitələrdən, yeni üsullardan istifadə etmək lazımdır. Dərslər şagirdyönümlü olmaqla, differensial təlimi tətbiq etmək lazımdır. Müəllim şagird üçün şəxsiyyət etalonu olmalıdır”.
Nəslin riyaziyyat ənənəsini Vüqar müəllimin övladları – Rəhman və Bəhman Namazlı uğurla davam etdirir.
Rəhman Namazlı 8-ci sinifdə təhsil alır. Onun sözlərinə görə, ən böyük idealı atasıdır.
“Atam kimi həm güclü riyaziyyatçı, həm intellektual yarışların qalibi və həmdə idman sahələrində uğurlar əldə etmək istəyirəm. Riyaziyyatı sevmək səbəblərimdən biri atam kimi olmaqdır. Riyaziyyatı olimpiadalarında dəfələrlə yüksək nəticələr göstərmişəm. KINGS Beynəlxalq Olimpiadasında dəfələrlə mükafatçı olmuşam. Kenquru Beynəlxalq Riyaziyyat Məntiq Olimpiadasının finalçısı olmuşam. Mənim üçün ən uğurum Bolqarıstan Beynəlxalq Sərhədsiz Riyaziyyat Olimpiadasının respublika turunun qalibi olduqdan sonra Bolqarıstanın Nesebr şəhərində keçirilən final mərhələsində qalib olub, 38 ölkə arasında bayrağımızı yüksəklərə qaldırmağımız idi. Ən yadda qalan anım bu uğurumu bərbər qonşularımız olan ermənilərin həsətlə izləməsi idi. Şahmat oynamağı çox sevirəm və dəfələrlə müxtəlif tədbirlətin qalibi olmuşam. Riyaziyyat sahəsində gələcək planlarım müxtəlif olimpiadalarda nəticə göstərmək və gələcək imtahanlarda maksimum nəticə əldə etməkdir”- deyə, o əlavə edir.
Bəhman Namazlı isə 7-ci sinifdə oxuyur. Bəhman deyir ki, riyaziyyat fənnini sevməyi ilə yanaşı, bu fənni daha rahat öyrənə bilir:
“Belə desək az vaxt sərf etməklə, dərsdə müəllimin izahı bəs edir ki, dərsi mənimsəyə bilim. Mənim üçün fənlər arasında ən rahat mənimsənilən fənn riyaziyyatdır. Qardaşımla eyni hazırlşdığımız üçün əksər uğurlarımızda və gələcək planlarımızda demək olar ki eynidir”.
Beləliklə, riyaziyyatçılar nəsli – Namazovlar ailəsi – biliklərin nəsildən-nəslə ötürüldüyü, uğurların isə yalnız təcrübə ilə deyil, həm də sonsuz sevgi ilə qazanıldığı bir məktəbdir. Bu gün onlar sübut edirlər ki, riyaziyyat sadəcə bir fənn deyil, dəqiqlik, intizam və qələbə ruhunun daşıyıcısıdır.
Namazovlar nəsli bir daha göstərir ki, güclü ailə ənənəsi və bilik sevgisi mövcud olduğu yerdə, uğurun sərhədi yoxdur.






