SON XƏBƏR

Biləsuvarda şəhid Camal İsgəndərovun xatirəsinə inşa edilən kompleksin açılışı olub

Biləsuvar rayonunun Bəydili kəndində I Qarabağ müharibəsi şəhidi İsgəndərov Camal Sultan oğlunun adının əbədiləşdirilməsi münasibətilə inşa edilmiş xatirə kompleksinin açılışı olub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr müavini Aqşın Qasımov, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra söz tədbir iştirakçılarına verilib.
Çıxış edənlər şəhid İsgəndərov Camalın I Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan, keçdiyi şərəfli döyüş yolundan söz açaraq bildiriblər ki, bu gün Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhu şaddır. Çünki uğrunda şəhid olduqları, müstəqil və azad görmək istədikləri Azərbaycanın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən bərpa olunub. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalanır. Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq. Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Şəhidin doğmaları və yaxınları göstərilən diqqət və qayğıya görə qonaqlara təşəkkürlərini, ölkə rəhbərliyinə minnətdarlığlarını ifadə ediblər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan şəhid İsgəndərov Camal Sultan oğlu 8 mart 1974-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. 1992-ci ildə Bəydili kənd tam orta məktəbini bitirib və həmin ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılıb. Camal Kəlbəcər rayonu uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək Bəydili kəndinin mərkəzi küçələrindən birinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Paylaş:
Yuxarı