SON XƏBƏR

Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsinə seçilmiş şagirdlərin valideynləri ilə fərdi görüşlər yekunlaşıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalibi Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin müəllimi və direktor müavini Gülnar Nəcəfovanın rəhbəri olduğu Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsinin icra planına uyğun olaraq layihəyə seçilmiş şagirdlərin valideynləri ilə fərdi görüşlər yekunlaşıb.
31.01.2025 tarixində Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində layihə rəhbəri Gülnar Nəcəfovanın, layihənin eksperti Samir Salayevin, sinif rəhbərlərinin, məktəbin psixoloqlarının iştirakı ilə təşkil olunan sayca 4-cü görüşdə layihəyə seçilən şagirdlərin bir qrupunun valideynləri və ya valideynlik hüququna malik qanuni nümayəndələri ilə fərdi şəkildə danışılıb. Qeyd edək ki, 4-cü görüşə qədər layihəyə cəlb olunan 32 nəfər şagirddən 24 nəfərin valideynləri ilə fərdi görüşülmüşdür. Layihə icra planına uyğun olaraq sonuncu görüşdə isə qalan iştirakçıların hamısı ilə fərdi görüş təşkil olunub. Üzürlü səbəbdən məktəbə gələ bilməyən 3 nəfər valideynlə isə onların evlərinə gedilərək görüş keçirilmişdir.
Hər bir görüşün əvvəlində iştirakçı valideynlərə layihənin məqsədləri barədə geniş məlumatlar təqdim edən layihə rəhbəri yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib. Sonra tədbir öz işinə başlayıb. Görüşdə fərdi qaydada hər bir iştirakçıya layihənin əsas məqsədləri barədə bir daha məlumat verildikdən sonra aşağıdakı suallar ətrafında məlumatların toplanması və dəqiqləşdirilməsi həyata keçirilib:
– Ailənin hazırda gəlirləri necədir və əsasən haradan formalaşır?
– Valideynin iş təcrübəsi olduğu sahələr hansılardır?
– Hansı iş sahəsində vakansiya olarsa o sahədə özünü uzun müddətli çalışmağa hazır hesab edir?
– Layihə çərçivəsində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı ilə iş axtarmaq üzrə əməkdaşlıq qurulacaq. Bu əməkdaşlıq çərçivəsində layihə iştirakçıları olan məktəblilərin valideynləri üçün xüsusi maarifləndirici təlimlər təşkil olunacaq və bu təlimlər zamanı iş axtarmaq strategiyaları, karyera imkanları izah olunacaq. Valideyn bu təlimlərdə iştirak etməyə hazırdırmı? və s.
İştirakçıların sosial həssaslığı da nəzərə alınaraq yüksək səviyyədə təşkil olunan fərdi görüşlər zamanı toplanılan məlumatlar layihə komandasına imkanlar yaradır ki, seçilmiş məktəblilərin təlim nəticələrinin artmasına təsir edəcək strategiyaların düzgün təşkil etsinlər.
İştirakçı valideynlərin hər biri sonda övladları üçün görülən bu işlərə görə Elm və Təhsil Nazirliyinə, məktəb rəhbərliyinə və layihə komandasına təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsi 01.10.2024-01.03.2025-ci il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihənin məqsədi Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində təhsil alan və maddi rifah halı aşağı olan şagird ailələrinə sosial dəstək göstərməklə həmin məktəblilərin dərslərə davamlı qoşulmasını təmin etməkdən və onların təlim nəticələrinin yüksəlməsinə dəstək olmaqdan ibarətdir. Bu məqsədlə cari ildə seçilmiş 32 nəfər məktəblinin hər biri layihə çərçivəsində məktəbli forması, məktəbli çantası və ayaqqabı ilə təmin olunacaqdır.

Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsinin mətbuat xidməti

Paylaş:
Yuxarı