Lənkəranda məktəblilər üçün Sosial Sahibkarlıq layihəsinin açılışı oldu

Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsi” çərçivəsində qalib olmuş “Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsinin açılışı baş tutdu. Açılış tədbiri Lənkəran rayon Xarxatan kənd tam orta məktəbində həyata keçirildi.

Tədbiri giriş sözü ilə Xarxatan kənd tam orta məktəbinin ingilis dili müəllimi və “Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsinin rəhbəri Şabəyim Həbibzadə açaraq gələn qonaqları salamlayıbdır. Daha sonra layihənin donoru və məqsədləri haqqında məlumat veribdir. O qeyd edibdir ki, layihə Xarxatan kənd tam orta məktəbinin 30 şagirdini əhatə etməklə, 3 ay davam edəcəkdir. 3 ay ərzində şagirdlərə sosial sahibkarlıqla bağlı 8 təlim sessiyası və 1 çempionat günü icra ediləcəkdir.

Tədbirdə iştirak edən Xarxatan kənd tam orta məktəbinin direktor müavini Arzuman Nəsirov çıxış edərək, layihənin məktəb üçün və şagirdlər üçün əhəmiyyətini qeyd edibdir. Həmçinin məktəbin müəllim kollektivindən də iştirak edənlər layihənin icrasına öz xoş arzularını bildiribdirlər.

Layihənin eksperti Famil Məmmədov icra ediləcək layihənin mövzusunun ölkəmizdə prioritet olduğunu qeyd edibdir. Belə ki, həm sosial həm də sahibkarlıq yönümündə ölkəmizdə mühüm addımların atıldığı günlərdə bu tip layihələr yeni ideyalar və inkişafa fayda verir.

Daha sonra çıxış edən layihənin təlimçisi Rafət Şirəliyev şagirdlərlə keçiriləcək 8 təlimin mövzuları haqqında detallı məlumat veribdir. O, qeyd edibdir ki, təlimlərdə sosial sahibkarlıq ideyaları, ideyaların təqdimatı, komanda işi, təqdimat bacarıqları və s. mövzulara toxunulacaqdır. Çempionat günü isə məktəblilər komanda şəklində sosial sahibkarlıq üzrə müəyyən etdikləri ideyaları təqdim edəcəklər. Sonda iştirak edənlərə sertifikat və hədiyyələr təqdim ediləcəkdir.

Tədbir sonda sual-cavab sessiyası ilə yekunlaşdırılıbdır.

Paylaş:
Yuxarı