Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsinə şagird seçiminin yekun müzakirəsi təşkil olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyiinin Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalibi Gülnar Nəcəfovanın rəhbəri olduğu Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsi çərçivəsində 06.12.2024 tarixində layihə icra planına uyğun olaraq 32 nəfər məktəblinin seçiminin yekun müzakirəsi təşkil olunub. Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində dəyirmi masa ətrafında təşkil olunan tədbirdə layihənin eksperti Samir Salayev, məktəb rəhbərliyinin dəstəyi ilə yaradılan məktəbin direktor müavinləri, psixoloqlar, metodislər, sinif rəhbərləri və bir qrup müəllimlərindən ibarət layihəyə seçim komandasının üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsinin rəhbəri , məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnar Nəcəfova öz çıxışında belə mühüm ideyaların həyata keçirilməsi üçün yaratdığı şəraitə görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib. Qeyd edib ki, layihə icra planına uyğun olaraq məktəbdən 32 nəfər şagirdin ilkin seçimləri xeyli müddətdir ki, davam edir. Tədbirin seçilmiş 32 nəfər şagirdin siyahısını yekun olaraq qəbul etmək üçün müzakirə məqsədi daşıdığını diqqətə çatdırıb. İştirakçı müəllimlərin müzakirələrdə aktiv iştirak etməyə səsləyib.
Müzakirələr zamanı layihənin eskerti, Elm Tədris Akademiyasının rəhbəri, təhsil layihələri üzrə mütəxəssis Samir Salayev çıxış edərək layihənin tədbirlər planı haqda məlumat verərək seçimlərdə sosial həssas qrupların xüsusilə nəzərə alınması ilə yanaşı onlarım qanuni nümayəndələrinin də layihənin davamında məktəblər, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı ilə əməkdaşlıq etməsinin vacibliyinə diqqət çəkib. Layihənin gələcəkdə effektivliyinin məhz bu əməkdaşlığın səmərəli qurulmasından çox asılı olmasını vurğulayıb.

Müzakirələr zamanı çıxış edən sinif rəhbəri Leyla Məmmədova qeyd edib ki, rəhbərlik etdiyi sinifdən bəzi şagirdlərin çətinlikləri olsa da, onlardan 3 şagirdin ailəsinin sosial rifah halının daha çox aşağı olması səbəbindən məktəbli çantası, məktəbli forması və ayaqqabı ilə təminatı baxımından ciddi ehtiyacı vardır. Bu səbəbdən onların xüsusilə layihəyə seçilməsini məqsədəuyğun hesab edib. Həmin şagirdlərin valideynlərinin və ya valideynləri əvəz edən qanuni nümayəndələrinin iş tapmaq üçün layihənin yaratdığı əməkdaşlıq imkanlarından istifadə edəcəklərini qeyd edib.

Müzakirələrin davamında çıxış edən məktəbin psixoloqu Xuraman Məmmədova layihənin ideyasının əhəmiyyətini diqqətə çatdıraraq qeyd edib ki, layihəyə uyğun bəzi namizədlər var ki, onlar sosial dəstək yardımlarını qəbul etməkdə tərəddüd edirlər. Bu baxımdan onlarla fərdi görüşlər aparılır. Həmçinin bu məsələlərdə sinif rəhbərləri də böyük məsuliyyət daşıyır. Onların vaxtında aşkar etdiyi belə hallar zamanı psixoloji söhbətlərlə çətinliyi aradan qaldırmaq mümkündür. Bütün müəllimləri bu məsələlərdə fəal əməkdaşlığa çağırıb.
Maraqlı müzakirələrlə yadda qalan tədbirdə çıxış edən hər bir iştirakçı layihənin işinə uğurlar diləyib. Seçilən 32 nəfər şagirdin hər biri haqqında məlumatlar təqdim edilib. Müəllimlər seçimlərdə olduğu kimi layihə icra planına uyğun olaraq qalan bütün tədbirlərdə də birlikdə çalışacaqlarını diqqətə çatdırıblar. Şagirdləri üçün görülən bu işlərə görə Elm və Təhsil Nazirliyinə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsi 01.10.2024-01.03.2025-ci il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihənin məqsədi maddi rifah halı aşağı olan şagird ailələrinə sosial dəstək göstərməklə məktəblilərin dərslərə davamlı qoşulmasını təmin etməkdən və onların təlim nəticələrinin yüksəlməsinə dəstək olmaqdan ibarətdir.

Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək”
layihəsinin mətbuat xidməti

Paylaş:
Yuxarı