5 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Yaşıl dünya naminə” layihəsi çərçivəsində Biləsuvar rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr edilən təmizlik və ağacəkmə aksiyası keçirilib. Aksiya Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin təşkilatçılığı və Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.
Tədbirdə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin İcraçı direktoru Aqşin Bağırov, Biləsuvar üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Biləsuvar Gənclər Evinin direktoru Vəkil Cəfərli, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyinin koordinatoru İsmayıl Ağacanlı, həmçinin təşkilatın İdarə Heyətinin üzvü və layihə rəhbəri Ülvi Həzizadə və 40 nəfər məktəbli iştirak edib.
Əvvəlcə çıxış edən layihə rəhbəri Ülvi Həzizadə dövlət gənclər siyasəti, Gənclər Fondundan, həmçinin layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Çıxış edən Kompleksin rəhbəri Aqşin Bağırov layihəyə ev sahibliyi etdikləri üçün şad olduğlarını vurğulayıb. O, bildirib ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir.
Həmçinin çıxış edən Azad Quliyev də layihənin aktual olmasını xüsusilə qeyd edib. Dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açıb.
Biləsuvar Gənclər Evinin direktoru Vəkil Cəfərli çıxışında bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra çıxış edən İsmayıl Ağacanlı da icra olunan layihənin və gənclərin bu sahədə maarifləndirilməsinin vacibliyi barədə danışıb.
Çıxışlardan sonra məktəblilərə təmizlik aksiyası üçün tibbi əlcək, maska və zibil torbaları paylanıb və müyyənləşdirilmiş ərazi tullantılardan təmizlənib. Toplanmış zibillər rayon təmizlik idarəsinə təhvil verilib. Daha sonra qonaqların iştirakı ilə məktəblilər tərəfindən 50 ədəd həmişəyaşıl şam ağacı əkilib.
Çay fasiləsindən sonra iştirakçılara fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.
Əlavə edirik ki, layihənin əsas məqsədi regionlarda yaşayan gənclərin yaşıl dünya naminə maarifləndirilməsi və bu prosesdə fəal iştiraka dəvət edilməsi, ekoloji çirklənmənin qarşısının alınması və yaşıllıqların artırılmasıdır.
Məlumat üçün qeyd edirik ki, layihənin növbəti mərhələsi Salyan rayonunda olacaqdır.