Lənkəran vilayətinin müasir təbii landşaftlarının aqroekoloji potensialının planlı idarə edilməsi tədbirləri bugün nə üçün aktualdır?

Lənkəran vilayətinin ərazisi üçün geoloji, geomorfoloji, iqlim və bitki örtüyünün mürəkkəbliyi səciyyəvi olduğundan, onların qarşılıqlı təsirindən vilayətin ərazisində müxtəlif  təbii ərazi kompleksləri – landşaftlar  formalaşıb. Yüksək dağlığa qalxarkən yağıntıların azalması səbəbindən yaranan landşaftlar Lənkəran təbii vilayəti ərazisində respublikamızın digər dağlıq vilayətlərindən fərqlənən təbii əlamətlər yaratmışdır. Bütün qeyd olunan təbii amillərin nəticəsində bir-birindən fərqlənən landşaftların yayılması ilə yanaşı, həmin landşaftların insanların antropogen təsirlərinə müxtəlif dərəcədə məruz qalması da xüsusi qeyd olunmalıdır. Son onilliklərdə vilayətdə insanın təsərrüfat fəaliyyəti ilə əlaqədar təbii ekosistemlərə, o cümlədən torpaq örtüyünə antropogen təsirlər getdikcə daha geniş miqyas almağa başlamışdır.

Araşdırmalar göstərir ki, vaxtilə ərazisinin 60-65%-ni təşkil edən meşələr hazırda azalaraq 25-30%-ə düşmüş, ovalığı örtən palıd tərkibli kserofit və hirkan tipli meşələr tamamilə məhv edilmişdir. Bu tip meşələr hazırda yalnız dağlıq və dağətəyi ərazilərdə qalmışdır. Vilayətdə kənd təsərrüfatı bitkilərinin intensiv suvarılması Lənkəran ovalığının bəzi yerlərində qrunt sularının səthə qalxmasına və torpaqların fiziki, su-fiziki və digər xassələrini mənfi istiqamətdə dəyişərək onların aşınmasına-deqradasiyasına səbəb olmuşdur. Aparılan kənd təsərrüfatı işlərində ağır texnikadan istifadə,  əsas kimya sənayesi məhsullarından istifadə və maili yamaclarda yerləşmiş plantasiyaların suvarılması dağətəyi sahələrdə torpaqların münbitlik xassələrini, həmçinin struktur tərkibini pisləşdirmiş,  əkinaltı qatların kipliyini artırmaqla, nəticədə eroziyaya qarşı davamlılığını zəiflətmişdir. Bununla yanaşı, vilayətin özünəməxsus təbii-ekoloji şəraiti fonunda olduqca əlverişsiz demoqrafik göstəriciləri, əhalinin  yüksək sıxlığı və yaşayış məntəqələrinin isə davamlı olaraq genişlənməsi prosesi Lənkəran vilayətinin mövcud aqroekoloji vəziyyətinə bilavasitə və dolayısı ilə təsir göstərməkdədir. Qeyd olunan bu məqamları nəzərə alsaq deməliyik ki, istər aqrolandşaftların, istərsə də digər təbii landşaftların düzgün və planlı idarə edilməsi tənzimlənməzsə çoxsahəli təsərrüfat  işlərini həyata keçirən  pozulmuş, kəskin  transformasiyaya uğramış landşaftların ərazicə genişlənməsi prosesi daha da sürətli xarakter alacaqdır.

Lənkəran vilayətinin müxtəlif təbii landşaftlarında müşahidə olunan antropogen təsirlər  ayrı-ayrı landşaftlarda fərqli təzahürlərə malikdir. Lənkəran təbii vilayətinin yüksək dağlığında – R.V.Kovalyovun Qızyurdu rayonu kimi ayırdığı ərazidə yayılan yüksək dağlığın çəmən-bozqır  landşaftının üstün olduğu ərazilərin torpaqlarından biçənək, yay otlaq sahələr kimi istifadə olunsa da, rayonun ayrı-ayrı sahələrində dənli, dənli-paxlalı və s. bitkilərin əkini də həyata keçirilir. İlin soyuq mövsümündə daha çox məhsuldarlıq əldə olunan bu fəaliyyət növü şumlanmış meyilli sahələrdə eroziya prosesinin intensivliyininin artması kimi problemlər yaradır. Lənkəran vilayətinin təxminən 600 -1800 m mütləq hündürlüyə malik  olan sahələrində illik günəş radiasiyasının miqdarının 135-140 kkal/   olması və yağıntıların az olması (200-400 mm), qar örtüyünün qalınğının  isə 20-30 mm arasında dəyişməsi nəmlik çatışmazlığını əmələ gətirir. Nəticədə landşaftda quraqlaşma yaranır, çəmən-bozqır və bozqır bitki formasiyaları yayılmasına səbəb olur. Həmçinin  yayılan kəskin parçalanmış orta dağlığın enliyarpaqlı meşə landşaftı ərazisində meşəliklərin qırılması təkcə meşələrin altından çıxan yerlərdə çəmən-kol landşaftının yaranmasına deyil, həmçinin Lənkərançay, Astaraçay, Viləşçay, Təngərüdçay, Bolqarçay kimi vilayətin iri çaylarının suyunun orta səviyyəsinə ciddi təsir göstərir ki, bu da, çayların keçdiyi bütün ərazilərdə müəyyən gözlənilməz dəyişiliklərə səbəb olmaqdadır.

Orta və zəif parçalanmış alçaq dağlığın meşə və meşə altından çıxmış yerlərində yaranan bozqır və kolluqlar landşaftı vilayətin şimal və şimal şərqinə yayılıb. Nisbətən yüksək temperatur rejimi vilayətin digər ərazilərindən fərqli olaraq burada daha çox quraqlığa səbəb olub. Bu landşaft tipi Lənkəran vilayətinin landşaftları arasında ən çox antropogen təsirə məruz qalması ilə fərqlənir. Həmçinin, vilayətin meşə zonalarının bozqırlaşmağa ən erkən başlandığı ərazi hesab olunur. Cəlilabad rayonu ərazisində daha aydın təzahür edən bu landşaftlarda eroziya əleyhinə tədbirlərin zəif görülməsi səbəbindən torpağın mineral qatının yuyulması, torpaq məhsuldarlığının aşağı düşməşi problemi ortaya çıxır. Nəticədə əkinçilik prosesinin iqtisadi səmərəliliyini ciddi şəkildə azaldır.

Zəif parçalanmış ovalıq və düzənliklərin çəmən meşə landşaftı tipinin üstün olduğu ərazilər isə yay fəslinin isti və quraq keçməsinə baxmayaraq  zəngin bitki örtüyü ilə diqqəti cəlb edir. Yaxın keçmişə dair tədqiqat materiallarından qeyd olunan ərazilərdə şirin qrunt sularının səthə yaxın yerləşməsi, bununla əlaqədar bataqlıqlaşmış ərazilərin və düzən meşələrinin yayılması haqqında faktlar məlumdur.  Lakin, son bir əsr ərzində antropogen təsirlərin, xüsusi ilə, Lənkəran ovalığının cənubunda torpaqların əkinə hazırlanması məqsədi ilə qurutma işlərinin aparılması, düzən meşələrinin kəskin qırılması və yaşayış məntəqələrinin genişləndirilməsi və s. fəaliyyətlərin nəticəsində bu landşaft tipi bütövlüklə  sıradan çıxmışdır. “Talalar” şəklində Astara və Lənkəran inzibati rayonu ərazilərində yerləşən Hirkan meşələrinin bəzi hissələrində də rast gəlinir. Qeyd edək ki, son illər həmin ərazilərdə suvarmaya daim ehtiyac duyan çay plantasiyası sahələrinin salınması ərazinin su ilə daha çox qidalandırılmasına səbəb olmuşdur. Bu da, qrunt sularının səviyyəsini yüksəldə bilir. Bunun nəticəsində bəzi ərazilərdə əvvəllər mövcud olmuş bataqlıqlaşmış sahələrin yenidən bərpasına imkan yarana bilər.

Qeyd olunan ayrı-ayrı nümunələrdən bir daha aydın görünür ki,  vilayətin landşaftlarında tarazlı  inkişafın  tənzimlənməsi və onların səmərəli təşkili məsələləri aktualdır. Həyata keçirilən landşaftların  idarə edilməsi sistemi  çox  mərhələlidir. Bu prosesin  ən  mühüm  şərtlərindən  biri  də  antropogen   təsirlərlə  landşaft  tipinin  yüklənmə  həddinin  müəyyən  edilməsidir. Lənkəran  ovalığında  və  onu  əhatə  edən  alçaq  dağlıqda  əhalinin   sıxlığının yüksəkliyi təbii  landşaftlara  antropogen təsiri daha da artırır. Belə  bir  şəraitdə  landşaftların  sistemli  öyrənilməsi ,  hər  bir  landşaft  tipində  antropogen  yüklənmənin  norma  və  orta  hədlərinin  müəyyənləşdirilməsi  olduqca  vacibdir. Yalnız bundan sonra Lənkəran vilayəti təbii landşaftlarının səmərəli təşkili istiqamətində konkret tədbirlər görmək mümkündür. Yuxarıda toxunulan problemlərin qarşısını almaq və ya zərərini minumuma endirmək üçün təklif etdiyimiz bəzi tədbirlərə aşağıdakıları da  aid  etmək  olar:

  • Lənkəran vilayətinin müvafiq landşaftlarında  suvarma   qaydalarına  və  rejiminə  ciddi  əməl  edilməsi,  suvarma  sistemlərinin bərpası;
  • Lənkəran vilayətinin təbii xüsusiyyətlərini nəzərə alaraq yüksək və orta dağlıq ərazilərdə xətti eroziyaya  qarşı  xüsusi mübarizə  üsullarının hazırlanması,  düzgün  şumlama qaydalarına riayət etmə;
  • Ovalıqda və  dağətəyi,  alçaqdağlıqda  yarğan-qobu  eroziyasına  qarşı  mübarizə  tədbirlərinin  hazırlanması, əvvəllər bataqlıqlaşmış, hazırda isə sıradan çıxmış ərazilərdə suvarma şəraitində becərilən əkin sahələrini genişləndirmək və nəticədə şirin qrunt sularının səviyyəsinin yüksədilməsinə nail olmaqla düzən meşə sahələrinin genişləndirilməsi;
  • Antropogen təsirlərin  optimallaşdırılması  üçün  əhalinin  region  üzrə  bərabər  yerləşdirilməsinə  nail  olunmalıdır.

 

Salayev Samir Mirsamid oğlu
Elmi tədqiqatçı, Lənkəran Dövlət Universitetinin doktorantı

 

Yazı, müəllifin  hazırda davam edən “Lənkəran vilayəti təbii landşaftlarının aqroekoloji potensialının qiymətləndirilməsi”  adlı fəlsəfə doktorluğu dissertasiya işi çərçivəsində hazırlanmışdır

Paylaş:
Yuxarı