Biləsuvarda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Biləsuvar Rayon İcra Hakimiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərlə bağlı təsdiq etdiyi Tədbirlər Planı”na uyğun olaraq bu gündən başlayaraq növbəti ağacəkmə aksiyasına başlanılıb.

Regioninfo-nun məlumatına görə, 10 gün davam edəcək aksiyası zamanı rayonun ayrı-ayrı ərazilərində və magistral yolların kənarlarında ümumilikdə 10 min ədəd müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulub.

Torpaq-iqlim şəraitinə uyğun olaraq aksiyada əkilmək üçün Xan çinarı, zeytun, oleyandr, Eldar şamı və meyvə ağacları tədarük olunub, əkin aparılacaq ərazilərdə hamarlama işləri aparılmış, suvarma məqsədilə arxlar qazılmış və ağacların yerləri hazırlanıb.

Aksiyaya Biləsuvar Rayon İcra Hakimiyyəti başda olmaqla rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlar, inzibati ərazi dairələri üzrə icra nümayəndəlikləri, bələdiyyələr və sakinlər də aktiv şəkildə qoşulub.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirin məqsədi ekoloji davamlılıq, yaşıllıqların bərpası və genişləndirilməsi, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Paylaş:
Yuxarı