Lənkəranda ətrafa çirkab suları axıdılan 11 avtoyuma məntəqəsinin sahibi inzibati məsuliyyətə cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan regioninfo-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən 11 avtoyuma məntəqəsində tullantı və çirkab sularının ətrafa axıdılması halı müəyyən edilib. Həmin obyektlərin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Tədbir zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması halları da aşkar edilib. Bununla əlaqədar 27 şəxs barəsində protokollar tərtib olunub.
Yerin təkindən qanunsuz istifadə halı ilə bağlı 14 fakt müəyyən edilib, 2 şəxs isə qanunsuz ağackəsməyə görə inzibati məsuluyyətə cəlb olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.