Azad olunan ərazilərdə yeni sərhəd zastavası xidməti istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunda əsaslı təmir olunan “Alıkeyxanlı” sərhəd zastavası mayın 24-də xidməti istifadəyə verilib.

Bu barədə “Report”a DSX Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Xidmət rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov sərhəd zastavasının inzibati binasında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib.

Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib və şəxsi heyətlə birlikdə əsgər yeməkxanasında nahar edilib.

Paylaş:
Yuxarı