Tanınmış alim, tarix elmləri doktoru, professor, Prezident yanında Dövlət
İdarəçilik Akademiyası (DİA) rektorunun müşaviri, böyük elmi şuranın və
dissertasiya müdafiə şurasının sədri, Əməkdar müəllim, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, mərhum Musa Quluzadənin 85 yaşı tamam olub.
Yubileyi uzun illər fəaliyyət göstərdiyi akademiyada xatirə günü kimi qeyd olunub.
Musa Quluzadənin xatirə işığına toplaşanları Akademiyanın rektoru,
akademik Urxan Ələkbərov salamlayıb. Tarix kafedrasının müdiri, dosent
Firdovsiyyə Əhmədova professor Musa Quluzadənin akademiyadakı
mövqeyindən, elmi və bədii yaradıcılığından geniş söhbət açıb. Xalq şairi, Musa
Quluzadəyə qardaş qədər yaxın olan Nəriman Həsənzadə xatirələrini bölüşüb.
Milli Məclisin deputatları, BDU-nun professoru Anar İsgəndərov, DİA-nın
professoru Elman Nəsirov, DİA-nın professorları Fuad Məmmədov, Əsədulla
Cəfərov, Havva Məmmədova, Milli Aviasiya Akademiyasının professoru Nazim
Cəfərli, həmin akademiyanın dosenti Şöhlət Kərimov, publisist Sevda Bəhramqızı
və digərləri görkəmli alimi xoş xatirələrlə yad edib, insani keyfiyyətlərindən,
vətəndaşlıq və ziyalılıq mövqeyindən, dostcanlı, ailəcanlı, bütövlükdə böyük
insanpərvərliyindən söz açaraq ruhuna dualar oxuyublar.
Çıxış edən natiqlər xatirə gününün keçirilməsi üçün təşəbbüskar olan
akademik Urxan Ələkbərova və Firdovsiyyə Əhmədovaya minnətdarlıq ediblər.
Musa Quluzadənin oğlu, tanınmış rejissor Elçin Musaoğlu tədbirin təşkilatçılarına
və iştirakçılara ailə üzvləri adından təşəkkürünü çatdırıb.
Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru