Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a bildirilib ki, araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, F.Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Aprelin 19-də saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Sumqayıtda ərlə arvad qətlə yetirilib.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə 41-ci məhəllədə 18 saylı yataqxanada qeydə alınıb.
Belə ki, Zərifə adlı qadın və həyat yoldaşı Hakim (soyadları dəqiqləşdirilir – red.) qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.