MN: Qarabağda Ermənistanın 200-dən artıq müşahidə kamerası sıradan çıxarılıb

Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatının ilkin mərhələsində Ermənistan silahlı qüvvələrinin səngər, atəş mövqeyi və dayaq məntəqələrində, eləcə də daimi dislokasiya yerlərində əvvəlcədən yerləri müəyyən edilmiş izləmə-müşahidə vasitələri legitim hərbi hədəf olaraq sıradan çıxarılıb.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən artıq optik-elektron və müşahidə kameraları Azərbaycan Ordusunun bölmələrinin və mülki sakinlərin hərəkətini izləmək, onlara qarşı müxtəlif xarakterli təxribat fəaliyyətləri həyata keçirmək məqsədilə kustar üsulla hazırlanaraq 480 kilometrədək təmas xətti boyunca 10-15 və 20-30 metr hündürlükdə quraşdırılıb.

Müdafiə Nazirliyindən bildirilib ki, Qarabağ iqtisadi rayonunda kəşfiyyat vasitələri tərəfindən müəyyən edilən Ermənistan silahlı qüvvələrinə məxsus optik-elektron və müşahidə kameraları Azərbaycan Ordusunun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.

Paylaş:
Yuxarı