Astara Rayon Polis Şöbəsində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Astara şəhərindəki Şəhidlərin Xatirə Kompleksini ziyarət edib vətənin müstəqilliyi və ərazi bütovlüyümüz uğrunda şəhid olanların, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Çıxış edənlər Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tarixindən danışaraq, ermənilərin öz mənfur niyyətlərini zaman-zaman ortaya qoyduqlarını, qırğınlar, vəhşiliklər törətdiklərini bildirib.
Qeyd olunub ki, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan, Qarabağ və digər bölgələrdə minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, yaşayış məntəqələri yandırılıb.
31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanın böyük tarixi əhəmiyyəti vurğulanıb, bunun xalqımızın milli şüurunda və özünüdərkində mühüm rol oynadığını diqqətə çatdırılıb.