Salyanda məktəb direktoru işdən çıxarılıb

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və ümumi təhsil müəssisələrində monitorinqlər davam edir.

İdarədən regioninfo-ya verilən məlumata görə, növbəti monitorinq Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən 28.02.2024-cü il tarixdə Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə aparılmışdır. Məktəbdə müxtəlif istiqamət üzrə yoxlama aparılmış və yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin məktəbə davamiyyəti, əmək intizamı, dərslərin əvəzolunması, dərsdənkənar məşğələlərin və dərnəklərin təşkili və keçirilməsi, fərdi təhsilin təşkili, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün evdə təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub. Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Dilbər Qurbanova 27 mart 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib. Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

Əlavə olaraq bildiririk ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan hallara qarşı mütəmadi olaraq tədbirlər görür, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir.

Paylaş:
Yuxarı