Bu gün İmişli şəhərinin Heydər Əliyev adına istirahət parkında “Elimizə bahar gəlir, yurdumuza yaz gəlir” adlı ümumrayon Novruz şənliyi keçirilib.
Regioninfo-nun məlumatına görə, tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi və həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruz şənliyində Rayon İcra Hakimiyyətinin rəsmiləri ilə yanaşı şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər.
Şənlik başlamamışdan öncə bayram tonqalı qalanıb. Sonra Novruz şənliyində yeniyetmə və gənc idmançılar tərəfindən müxtəlif idman nümunələri nümayiş etdirilib, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar sərgilənib. Çıxış edənlər xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə rayon ictimaiyyətini təbrik edərək, xalqımıza bol ruzi-bərəkət, bayram ovqatı, sevinc və firavanlıq arzulayıblar. Qeyd olunub ki, ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir. Şənlik Mədəniyyət işçilərinin ifalarında bir-birindən gözəl xalq musiqilərimizin, Novruz mərasimlərinin, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələrin səsləndirilməsi ilə davam etdirilib. Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları sakinlərdə xoş ovqat yaradıb.
Novruz bayramınız mübarək olsun!