Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan Dövlət Rəsm Qalereyasında “Caz rəsmlərdə” yaradıcılıq sərgisinin açılışı olub. Dünya şöhrətli Azərbaycan bəstəkarı və cazmeni Vaqif Mustafazadənin xatirəsinə həsr olunan yaradıcılıq sərgisinin açılış mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, rəssamlar, yazıçılar, mədəniyyət, təhsil və başqa sahələrin nümayəndələri iştirak ediblər.
Çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov böyük cazmen Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında danışıb. İdarə rəisi qeyd edib ki, caz-muğam üslubunu yaradan Vaqif Mustafazadə dünya cazına Azərbaycan caz elementləri əlavə edib. Bu gün Azərbaycan cazı dünyanın dörd tərəfində səslənir.
Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov çıxışında yaradıcılıq sərgisi haqqında geniş məlumat verib. O, bildirib ki, sərgidə Vaqif Mustafazadə də daxil olmaqla dünya caz ulduzlarının tanınmış simaları Frank Sinatra, Nina Simone, Carlz Lloyd kimi görkəmçi cazmenlərin portretləri və caz kompozisiyaları yer alıb.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İman Mustafayev çıxış edərək qeyd edib ki, regionlarda bu cür yaradıcı sərgilərin təşkil olunması tamaşaçı zövqünü oxşayır.
Çıxışlardan sonra Salyan Dövlət Rəsm Qalereyasının sərgi salonunda nümayiş olunan rəsm əsərlərinə baxış olub.
Qeyd edək ki, “Caz rəsmlərdə” yaradıcılıq sərgisində 7 peşəkar, 11 yeniyetmə və uşaq olmaqla 18 nəfər rəssamın ümumilikdə 34 ədəd rəsm əsəri nümayiş olunur. Caz mövzulu tablolar əsasən portret, veduta və peyzaj janrındadır. Rəsm əsərlərində abstrakt, mazok, realizm üslubları qabarıq formada göstərilib.
“Caz rəsmlərdə” yaradıcılıq sərgisində nümayiş olunan əsərlər arasında Aynur Abbasovanın “Əzizə ilə görüş”, “Naməlum saksafonçu”, “Frank Sinatra”, “Nina Simone”, Coşğun Məmmədovun “Bakı gecələrinə qarışıram”, “Axşam radiosu”, “Şahin Növrəsli”, Türkan Axundovanın “Çarlz Lloyd”, İlham İsayevin “Mənim gördüyüm yuxu”, İnqilab Abdullayevin “İçərişəhərə improvizasiya”, Ayla Mahmudovanın “Caz, mən səni sevirəm”, Xəyal Abdullayevin “Vaqifin portreti” və digər rəsm əsərləri sərgiyə gələn izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Sərgidə Salyan rayon Mədəniyyət Mərkəzinin Əməkdar artist Həsənağa Sadıqov adına “Mahirlər” Xalq Ailə Ansamblının üzvləri – cazmenlər Elşən və Elçin Sadıqovlar və Ruslan Qurbanov müxtəlif caz kopmozisiyaları ifa ediblər.
Qeyd edək ki, Vaqif Mustafazadənin xatirəsinə həsr olunan “Caz rəsmlərdə” yaradıcılıq sərgisinin nümayişi martın 30-dək davam edəcək.