Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Dahi Şəxsiyyət Heydər Əliyev” layihəsinin sonuncu mərhələsi Lənkəran rayonunda keçirilib.
1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə təşkilatın üzvü İsmayıl Ağacanlı, Lənkəran Rayon İcra Hakimiyyətinin əməkdaşı Ruslan Hüseynov, Lənkəran təhsil sektorunun nümayəndəsi Cəmil Axundzadə, Rayon Heydər Əliyev Mərkəzinin işçisi Aygün Əkbərova, layihənin eksperti Elçin Həsənli və şagirdlər iştirak edib.
Əvvəlcə çıxış edən İ.Ağacanlı təşkilatın regionlardakı fəaliyyət istiqamətləri, dövlət gənclər siyasəti, Gənclər Fondunun fəaliyyəti, həmçinin layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən bu mənəvi irsin hər bir gəncimiz tərəfindən öyrənilməli olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə həyata keçirdiyimiz layihənin gənclər üçün böyük əhəmiyyəti vardır.
Çıxış edən Rayon İcra Hakimiyyətinin əməkdaşı R.Hüseynov qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir.
Lənkəran təhsil sektorunun nümayəndəsi C.Axundzadə çıxışında bildirib ki, Azərbaycan xalqı və xüsusilə gənclərimiz tariximizdə silinməz izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla yad edir. Millətin məhəbbətini qazanmış Ümummill Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Layihənin eksperti E.Həsənli keçirilən layihəyə müsbət rəy bildirərək, əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. Dahi rəhbərin siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücayəti sayəsində Ulu Öndərin bu arzusu gerçəkləşdi. İşğalçı erməni qüvvələri üzərində qazanılan tarixi Zəfər qələbəsi ilə xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Bu gün qələbəmizin təntənəsi olaraq üçrəngli bayrağımız Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada, Xocalıda, Xankəndidə qürurla dalğalanır.
Qeyd edək ki, layihənin əsas məqsədi Ulu öndər Heydər Əliyevin zəngin həyat yolunun, Azərbaycanı inkişafa və qələbələrə aparan güclü dövlətçilik ideyalarının ideyalarının regionlarda yaşayan gənclər arasında təbliğidir.
Sonda tədbir iştirakçıları layihədə fəal iştirakına görə sertifikatlarla təltif olunublar.