“Dahi Şəxsiyyət Heydər Əliyev” irsinin öyrənilməsi layihəsi regionlarda uğurla davam edir

22 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biləsuvar Yeniyetmə və Gəncləri” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dahi Şəxsiyyət Heydər Əliyev” layihəsi çərçivəsində Cəlilabad rayonunda növbəti tədbir keçirilib.

Cəlilabad rayonu 9 saylı tam orta məktəbdə keçirilən tədbirdə layihə rəhbəri Ülvi Həzizadə, Cəlilabad Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Varid Əsgərov, YAP Cəlilabad rayon təşkilatının idarə heyətinin üzvü Yeganə Rzayeva, Lənkəran – Astara Regional Gənclər İdman İdarəsinin Cəlilabad rayon sektorunun baş məsləhətçisi Xalid Hüseynov, layihənin eksperti Elçin Həsənli və şagirdlər iştirak edib.

Çıxış edən layihə rəhbəri Ü.Həzizadə Gənclər Fondunun və təşkilatın göstərdiyi fəaliyyət, həmçinin layihənin əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. Layihə rəhbəri Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri barədə danışıb. Bildirib ki, bu gün ölkəmizin inkişaf edib, dünyada söz sahibinə çevrilməsi Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin balanslaşdırılmış xarici və daxili siyasətinin nəticəsidir.
Çıxış edən Rayon İcra Hakimiyyətinin nümayəndəsi V.Əsgərov bildirib ki, dövlət idarəçiliyi sahəsində fenomen şəxsiyyət olan Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atıb. Məhz onun uzaqgörənliyi, strateji düşünmə bacarığına əsaslanan idarəçilik modeli qısa zaman kəsiyində ölkəmizin dayanıqlı və davamlı inkişafı üçün zəmin yaradıb.
Həmçinin Cəlilabad rayon sektorunun baş məsləhətçisi X.Hüseynov qeyd edib ki, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyatı və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Layihənin eksperti E.Həsənli icra olunan layihəyə müsbət rəy bildirirək, bildirib ki, illər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

Yekunda tədbir iştirakçıları layihədə fəal iştirakına görə sertifikatlarla təltif olunublar.

Məlumat üçün qeyd edirik ki, layihə növbəti günlərdə Masallı və Lənkəran rayonlarında da icra olunacaqdır.

Paylaş:
Yuxarı