Növbədənkənar prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı fevralın 13-də Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.
Bu barədə “Report”a Konstitusiya Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, iclas saat 11:00-a təyin edilib.
Qeyd edək ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içməlidir.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 11-də seçkilərin yekunları ilə bağlı keçirilən iclasda bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92,12 faizini toplayaraq qələbə qazanıb.