“Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin bağlanışı tədbiri həyata keçirilib

31.01.2024 tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi Dünya Veysəlovanın rəhbəri olduğu “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin bağlanışı tədbiri həyata keçirilib.

Lənkəran şəhər 7 nömrəli tam orta məktəbinin “Lənkəran STEAM mərkəzi”ndə təşkil olunan Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə sektorunun aparıcı məsləhətçisi Cəmil Axundzadənin, Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin direktoru Gülşən Axundzadənin, layihənin təlimçisi Faiq Şıxəlizadənin, layihənin eksperti Samir Salayevin, Lənkəran Steam Mərkəzinin təlimçi koordinatorları- Raya Ağayevanın, Turanə Heydərlinin və digər qonaqların iştirak etdiyi bağlanış tədbirinin əvvəlində STEAM bacarıqları sərgisi təşkil olunub. Belə ki, layihə çərçivəsində təlimlərdə iştirak edən məktəblilər öz bacarıqlarını və əl işlərini qonaqlara təqdim ediblər. Məktəblilər 3D printerlərlə, CNC lazer aparatları ilə, Microbitlərlə, 3D qələmlərlə, Təhsil Dronları ilə və s.avadanlıqlarla praktiki işlər təqdim ediblər.

Qonaqların böyük marağı ilə müşayiət olunan sərgi bitdikdən sonra Təlim iştirakçılarının sertifikatlarla təltif olunması və layihənin bağlanışı mərasimi həyata keçirilib. Təltif olunma tədbirində çıxış edən qonaqlar STEAM fəlsəfəsinin təhsil sahəsindəki önəmli rolunu qeyd ediblər. Məktəblilər üçün yaradılan bu imkanlara görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə ediblər.
Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə sektorunun aparıcı məsləhətçisi Cəmil Axundzadə çıxış edərək məktəblilərin layihə ərzində öyrəndikləri bacarıqların sərgisini yüksək qiymətləndirib. Qısa zamanda məktəblilərin əldə etdiyi belə uğurlu nəticənin layihənin keyfiyyətli idarə olunmasının sayəsində əldə olunduğunu xüsusi qeyd edərək təşkilatçıların işini yüksək dəyərləndirib.

Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin direktoru Gülşən Axundzadə öz çıxışında məktəblilərin bu layihənin təlimlərinə yüksək həvəslə qoşularaq yeni bacarıqlar əldə etdiyini diqqətə çatdırıb. Məktəblilərin əldə etdiyi STEAM bacarıqları ilə sərgidə tanış olarkən çox sevindiyini dilə gətirərək məktəblilərin gələcək karyeralarına bu layihənin böyük töhvə verəcəyinə əminliyini ifadə edib. “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin rəhbəri Dünya Veysəlovanı belə bir uğurlu layihə icra etdiyi üçün təbrik edib.
Lənkəran Steam Mərkəzinin təlimçi koordinatorları Raya Ağayeva və Turanə Heydərli öz çıxışlarında STEAM Lənkəran mərkəzində icra olunan uğurlu layihələrdən biri kimi “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin də davamlılığı üçün mərkəzin bütün imkanları yaratmağa hazır olduğunu qeyd ediblər. Növbəti STEAM yarışları üçün iştirakçılar seçilərkən bu layihənin məzunlarına da etimad göstəriləcəyini ifadə ediblər.

“Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin təlimçisi Faiq Şıxəlizadə çıxış edərək məktəblilər üçün layihə çərçivəsində təşkil olunan təlimlər haqda qısa məlumat verib. O, qeyd edib ki, layihə 20 nəfər məktəbli üçün nəzərdə tutulsa da təlimlərə maraq göstərən daha 5 nəfər şagirdin də iştirakı təmin olunub. Hər biri 2 saat olmaqla toplamda 16 dəfə keçirilən təlimlər müxtəlif mövzuları əhatə etməklə iştirakçıların böyük marağına səbəb olmuşdur. SAF kimi STEAM festivallarında növbəti ildən bu məktəblilərin də iştiraka hazırlanacağını qeyd edib. Yaradılan şəraitə görə Nazirliyə və STEAM Azərbaycan təşkilatına təşəkkürünü ifadə edib.
Çıxışlardan sonra “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində həyata keçirilən STEAM təlimlərin uğurla başa vurduqları üçün 25 məktəbli xüsusi sertifikatlarla təltif olunub.

“Məktəblilərimizdə STEAM bacarıqlarının
yaradılması və inkişaf etdirilməsi” layihəsinin
mətbuat xidməti

Paylaş:
Yuxarı