Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Sağlam gənclik naminə narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda Piran kənd tam orta məktəbinin şagirdləri ilə maarifləndirici görüş keçirilib.
Regioninfo xəbər verir ki, çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ramil Mustafayev narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verib. Şöbə rəisi qeyd edib ki, narkotik aludəçiliyi təkcə həmin şəxsin özü üçün deyil, eləcə də ailəsi və yaxınları üçün faciələrə səbəb olur. Bu gün narkomaniya insanların sağlamlığı ilə yanaşı, onların mənəvi dünyasına, bundan əlavə isə cəmiyyətin bir çox digər sahələrinə də sağalmaz yaralar vurur.
Çıxışlarda erkən nikahların səbəb olduğu ağır nəticələrdən, bu kimi neqativ hallara qarşı görülən işlərdən də söz açılıb.
Tədbirdə həmçinin daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verilib, Polis Akademiyasında kursantlar üçün yaradılan şərait,təhsil ocağının tarixi və daxili işlər orqanlarında xidmət haqqında məktəblilərin sualları dolğun şəkildə cavablandırılıb.