Azərbaycan kinosunun 125 illiyinə həsr olunan layihə başa çatıb

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “25-ci kadr-KinoMƏNlərin intellekt savaşı” adlı layihə çərçivəsində “Nə? Harada? Nə zaman? intellektual oyun formatında final mərhələsinin oyunları keçirilib.

Birlikdən regioninfo-ya verilən məlumata görə, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunur. Quba şəhər Asan Xidmət Mərkəzində təşkil olunan yarışda seçim turlarının qalibi olan 8 komanda – Quba rayonunun Talabıqışlaq, Digah, Küpçalqışlaq kəndlərinin, Bağbanlı qəsəbəsinin, Siyəzən şəhər 2 nömrəli, Xaçmaz şəhər 1 nömrəli tam orta məktəblərinin, Şabran rayonunun Ağbaş, Qusar rayonunun Bədirqala kəndlərinin yeniyetmə və gəncləri mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov yarışın keçirilməsində əsas məqsədin 125 illik yubileyi olan Azərbaycan kinosunun gənc nəsil arasında təbliğ edilməsi olduğunu bildirib.

70 sualdan ibarət iki dövrəli sistem üzrə keçirilən turnirdə qalib adını Quba rayonunun Talabıqışlaq kəndini təmsil edən “Xüsusi təyinatlı qüvvə” komandası qazanıb.  Siyəzən rayonunun “Müşfiq” komandası ikinci, Qusar rayonunun “Bədirqala” komandası isə üçüncü yeri tutub. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və “Azərbaycan kinosu tarixi” adlı 4 cildlik kitablarla təltif olunublar.

Qeyd edək ki, 3 ay davam edən layihə çərçivəsində şimal zonasının Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan ümumilikdə 450 nəfər yeniyetmə və gənc Azərbaycan kinosu haqqında yeni məlumatlar alıblar.

Paylaş:
Yuxarı