“Çoxluq belədir ki, abituriyentlər DİM-in keçirdiyi imtahandan müəyyən bal topladıqdan sonra hansısa bir ixtisası seçirlər. İstək, bacarıq qalır kənarda. Məhz hər şey buradan başlayır. İnsanlar populyarlığa qaçırlar. Amma “xalxın uşağı” həkim, İT, hüquqşünas kimi sahələrdə uğur qazanıbsa, aya 10 min manat əldə edirsə, bu o demək deyil ki, sizdə də bu belə olacaq”.
Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib. Ekspertin sözlərinə görə, burada şəxsin bacara bilməsi, potensialı məsələsi önəm daşıyır.
“Ölkədə nə qədər işini bilməyən hüquqşünas, həkim, İT mütəxəssisi var. Bunlar bizə heç nə qazandırmır. Amma gəl ki, savadlı zootexnik, aqronom, meşəçi tapa bilmirsən”.
Ekspert deyir ki, bu gün “sovetin təhsili” ifadəsi hələ də köhnəlməyib.
“O dövrün təhsili belə idi ki, sən riyaziyyat müəllimi olmaq istəyirdinsə, ancaq həmin ixtisası seçirdin və o istiqamətdə yazılı və şifahi imtahanlar verirdin. Bu gün isə test imtahanı verirsən və topladığın bala uyğun 15 yer seçirsən. Burada bəzən və hətta çox vaxt sənin istəklərin yox, topladığın bal öz sözünü deyir. Düzdür, test imtahanının əleyhinə deyilik, lakin yeni model yeni problemlərini hələ də özündə daşıyır”.
Rizvan Fikrətoğlunun sözlərinə görə, təbliğat və təşviqat çox zaman yanlış aparılır.
“Valideyn amili də çox vaxt yanlış istiqamətə yönəldir: basqı, mən səni daha yaxşı kursa göndərmişəm, sənə yaxşı paltar almışam, sənin üçün çox pul xərcləmişəm tipli cümlələr travmadır. Yoxsa bu qədər intiharlar olmazdı”.
Ekspert düşünür ki, digər bir reallıq isə Azərbaycan universitetlərinin müasir təhsildən geri düşməsidir.
“Əksər ixtisaslarda verilən təhsil bazarın tələbini ödəmir. Məsələn, 1500-2000 min manata verilən iqtisadiyyat təhsili nə olacaq? Bu ödənişlə xaricdən müəllim dəvət etmək olarmı? Burada digər xərclər də var. Biz demirik, tələbə universitetə aylıq 10 min manat ödəsin. Bizim universitetlərin auditoriyaları çox vaxt orta məktəblərdən geridə qalır. Hələ kolleclər var, onlar lap acınacaqlıdır”.
Ekspert qeyd edir ki, burada əsas iş qalır tələbənin üzərində.
“Əgər o oxuduğu sahəni istəyi ilə seçibsə, universitetdən kənar öyrənməklə özünü formalaşdıracaq, istəyinə çatacaq. Yox əgər o ixtisası kimsə seçibsə, valideynlərinə, qohumlarına xatir seçibsə, süzgəcdə ilişəcək, çabalayacaq. Dövr tanışlıq, pul gücünə işəqəbul mərhələsini keçmək üzrədir. Savad erasının başlanğıcındayıq”.
R.Fikrətoğlu sonda əlavə edir ki, reallıq budur ki, özəl sahələr artdıqca iş sektorları bilikli, sahəni bacaran kadrları qəbul edir.
“Elə dövlət sektoru da belədir. Ən minimum hal kimi müəllimlərin işəqəbulunu götürək. Bütün sahələr bu istiqamətə doğru gedir. Məsələn, yaxşı İT mütəxəssisi, savadlı həkim elə Azərbaycanda da ayına 20 min manat və daha çox qazana bilir”.