Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib – YENİLƏNİB

Avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonu ərazisində “Cavanşir” körpüsünün yerində inşa olunmuş şəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışında iştirak edib.

“Report” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru Azər Nemətli dövlət başçısına görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və tıxac probleminin nisbətən azaldılması məqsədilə Xətai rayonu ərazisində Üzeyir Hacıbəyov küçəsində yerləşən və uzun illər istismar edildiyindən yükgötürmə qabiliyyətini itirmiş, uzunluğu 202 metr, eni 17,3 metr təşkil edən 12 aşırımlı “Cavanşir” körpüsü sökülərək, yerində şəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri həyata keçirilib. Dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 400 metrdir.

Məlumat verildi ki, həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb, münbit torpaq qatı verilərək yeni yaşıllıq ərazilər salınıb, ən müasir işıqlandırma sistemi yaradılıb.

Xatırladaq ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən, uzunluğu 202, eni 17 metr olan “Cavanşir” yolötürücüsü dəmir yolu vasitəsilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilmişdi. Həmin ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə cavab vermədiyi nəzərə alınaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilmişdi.

09:21

Avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonu ərazisində “Cavanşir” körpüsünün yerində inşa olunmuş şəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışında iştirak edib.

“Report”un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
Yuxarı