Lənkəranda “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində təlimlər uğurla davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi Dünya Veysəlovanın rəhbəri olduğu “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində təlimlər uğurla davam edir.

Lənkəran şəhər 7 nömrəli tam orta məktəbinin “Lənkəran STEAM mərkəzi”ndə layihənin icra planına uyğun olaraq artıq 7 təlim yekunlaşıb. Layihənin sonuna qədər daha 9 təlim həyata keçiriləcəkdir. Peşəkar Steam təlimçisi Faiq Şıxəlizadənin rəhbərliyi ilə 15.09.2023-29.11.2023 tarixləri ərzində aşağıdakı mövzularda təlimlər həyata keçirilib:

1.“STEAM nədir? STEAM haqqında məlumat. 3D qələmlə tanışlıq”
2.“Tinkercad proqramı ilə tanışlıq. Tinkercadda detallar – Fincan hazırlanması”
3. “Tinkercad proqramında telefon dayağı hazırlamaq. 3D Printerdən istifadə qaydaları ilə tanışlıq”
4.“Tinkercad ilə ideyaları haradan əldə edək və necə reallaşdıraq?”
5.”Tinkercad proqramında yeni ideyaları dizayn etməklə məhsul hazırlamaq”
6. “Microbit ilə tanışlıq, Microbitdə(make.code) kodlaşdırma”
7. “Microbit addımölçən, vurma əməli proqramlarının yazılması”

Yuxarıda qeyd olunan 7 təlim nəticəsində Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin məktəblilərində STEAM bacarıqlarının aşılanması prosesində əhəmiyyətli addımlar atılıb. Belə ki, məktəblilər artıq Tinkercad proqramında ideyalarına uyğun 3D dizayn işlərini və onları 3D printerdə çapa verərək hazır məhsulu əldə etməyi bacarırlar. Microbit proqramında müvafiq əmrlərin işləmə proqramlarını yaradaraq robotların ardıcıl əmrlər üzrə fəaliyyət göstərməsinə sadə formada təqdimatını bacarır. “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsinin icra olunmağa başladığı qısa zaman ərzində məktəblilərin əldə etdiyi bacarıqlar onlarda təlimə həvəsi daha yüksəltməkdədir. Təlimlər ərzində yaratdıqları əl işləri də bunun göstəricisidir. Təlimlərin uğurla icrasının məqsədlərindən biri də növbəti tədris ilində beynəlxalq səviyyəli STEAM bacarıqları yarışlarında bu layihənin iştirakçılarının da uğurlu çıxış etmələrinə hazırlaşmaqdır.

Qeyd edək ki, “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” layihəsi Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbindən seçilmiş 20 nəfər şagird üçün nəzərdə tutulub və 15.09.2023-15.02.2024 tarixlərində Lənkəran rayonunda icra olunur.

“Məktəblilərimizdə STEAM bacarıqlarının
yaradılması və inkişaf etdirilməsi” layihəsinin
mətbuat xidməti

Paylaş:
Yuxarı