Ulu xalqımızın çox zəngin tarixi vardır. Kənd və şəhərlərimizin ərazilərində, yüksək dağların qoynunda və ucu-bucağı görünməyən düzənliklərdə səpələnmiş təpələr, yurd yerləri, qalalar, bürclər, qəbristanlıqlar və s. abidələr bunu sübut edirlər.
Tarixən Muğan düzünün coğrafi ərazisi çox geniş olmuşdur. İlk dəfə ad 3500-4000 il bundan əvvəl çəkilən bu ərazi tarixi mənbələrdə bütöv, bəzən də hissə-hissə müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Qədimlərdə bu əraziyə hətta «Balasaqan» da deyirlərmiş (Saqların yaşadıqları ərazi – S.N.).
Muğan düzünün cənub hissəsində – ulu Talış dağlarının «Balasaqan» və Quştəspi əyalətlərinin əraziləri ilə qovuşduğu gözəl və mənzərəli, həm də strateji cəhətdən münbit torpaqlı bir guşədə salınmış Biləsuvar şəhərinin xarabalıqları təpələr formasında bu günkü günə kimi salamat qalmışdır. «Şəhriyar qalası» və yaxud sadəcə olaraq «qala» yerlərinin tarixi keçmişindən bəhs edən sənədlərə nəzər yetirməyi özümə borc bildim.
Tarixçilər yazır ki, Muğanda xəzərlər, bilyər və suvarlar, massagetlər və s. tayfalar yaşayıblar. VIII əsrdə Ərəb sərkərdəsi Səid-Əl-Hərəşi Muğan düzünə amansızcasına hücum etdi. O xəzər tayfaları Bilyər və Suvarın qoşunlarını məğlub edib, az qala onların sərkərdəsi Bərcili özünə əsir alsın. Dağılmış Xəzər ordusu Albaniyaya çəkilməyə başladı. Nəhayət, hücumlar ərəfəsində Bilyər və Suvarların düşərgələri işğal olundu. İşğal nəticəsində qarət olunmuş var-dövlət yenidən ərəblərin əllərinə keçdi. Təxminən iki yüz ildən sonra xəzərlər təzədən ərəblərin əsarətindən azad olundular. Lakin, çox çəkmədi ki, Muğan düzünün məğrur «böyük atlı»ları düşmənlər tərəfindən yeni hücumlara məruz qaldılar.
Ibn Miskəveyhin yazdığına görə, Muğan şahlığını o zaman Sipəhbud Ibn Dəlulə idarə edirdi. Onun atası Dəlulə çiçək xəstəliyindən ölmüşdür.
Qətran Təbrizinin şeirlərindən məlumdur ki, Muğanda Dəlulə nəslindən olan feodallar ağalıq edirmişlər. Dəlulənin oğlu Əmir Sipəhbud Təbriz şahına tabe olmadığı üçün Vəhüstanın oğlu Abunəsr Məhəmmədin ordusu ilə (hücum edən Təbriz şahı olur.) Muğan şəhərində döyüş olur. Bu döyüşdə Muğan şahı Şipəhbud məğlub edilir. Bu qanlı vuruşmada dahi şairimiz Qətran Təbrizi də iştirak edir. (Bax: Qətran Təbrizi, «Divan», «Əbu Nəsr Məmlan Ibn Vəhüstanın mədhi», Bakı, 1967,s.272).
Artıq bizə məlumdur ki, tarix boyu Muğan düzü, o cümlədən Biləsuvardan axan çayın başlanğıcından tutmuş, sonuna qədər ərazidə hər bir zaman doğma yurdumuzun keşiyində duran «hərbçi atlılar» (suvari-fars) olmuş, köçəri monqol tayfalarının, yadelli qoşunların hücumlarına məruz qalmış kəndlər və şəhərlər dağılaraq təzədən bərpa olunmuşdur. Yerli əhalinin cavan, igid oğul və qızlarının at belinə minib döyüşə hazır olduğu, cəmləşdiyi yer «Biləsuvar» adını alaraq indiyə kimi gəlib bizə çatmışdır.
Göründüyü kimi Biləsuvar şəhəri orta əsrin ən məşhur karvan yollarından biri olan Bərdə-Ərdəbil karvan yolunun üzərində yerləşməklə Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında böyük rol oynamışdır. Tarixi mənbələrdə Biləsuvarın zəngin şəhər olduğunu sübut edən məlumatlar kifayət qədər vardır.
Salınma tarixi bizə dəqiq məlum olmayan Biləsuvar şəhəri VII-IX əsrlərdə xəzərlərin və ərəblərin hücumlarına məruz qalmış, X-XII əsrlərdə yerli feodalların çaxnaşmaları nəticəsində zərər çəkmiş, nəhayət XIII əsrin əvvəllərində – 1221-ci ilin sentyabrında monqolların vəhşi hücumları zamanı tamamilə dağıdılmışdır. Beləliklə, şəhər tarixin səhnəsindən silinmiş, onun vaxtilə düşməni vəlvələyə salan qala divarı uçub dağılmış, gözəl imarətləri yerlə-yeksan olmuşdur.
Monqol-tatarların yırtıcı ordusu, Əmir Teymurun məğlubedilməz qoşunları, qəddar Nadir şahın dağıdıcı ordusu, Stepan Razinin soyğuncu kazakları qədim Muğan torpağını həyasızcasına öz atlarının tapdağı altına saldılar.
Bu yadelli yırtıcılar Biləsuvar çayının mirvari suyunu insan qanına boyadılar. Lakin Bilyər və Suvar tayfalarını tamamilə yer üzündən silmək istəyən bu yırtıcılar öz arzularına nail ola bilmədilər. Tarix öz səhifəsini qanla da olsa yazırdı…
Biləsuvar şəhərinin yaranması barədə və onun adının izahı haqda çoxlu fikirlər deyilir. Amma, tarix öz «sirrini» gizli olaraq saxlayır və onu əbədi olaraq insanların qəlbində yaşadır.
Biləsuvar toponimini izah edərkən belə nəticəyə gəlirik ki, Biləsuvar-iki tayfanın «Bilyər və Suvarların cəmləşib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer» mənasını verir.
Tarixi araşdırmalar zamanı indiki Bolqar çayı kimi tanınan Biləsuvar çayının bir neçə adla adlandırılmasının şahidi oluruq. Məsələn , Iran ərazisində onu müxtəlif adlarla çağırırlar-Şəmbəçay, Adnabazarçay, Balharı, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. Amma, rəsmi xəritələrdə bu çayın adı həmişə Bolqarçayı kimi qeyd olunur. Bəs bu nə səbəbdəndir? Həmin ərazidə bolqarlar yaşayıblar? Bu çay yoxsa Büveyhi əmirlərinin nəslindən olan «Böyük atlı»nın adını daşıyır?
Bir neçə şərq mənbələrində bu yerin adı «Bilyədi əl-suvari», «Bilyədi əl-qari» və s. kimi çəkilir. Amma, «böyük atlılar»ı şərq salnaməçiləri belə adlandırırlar: «Suvar», «Sub-ar», «Sub-ir», «Səb-ar» (ar) və s.
Həmdulla Qəzvini «Nizhət Əl-qulub» əsərində qədim türk tayfa birləşməsi olan Bilyər və Suvarların (Savir) adını əks etdirərək qeyd edir ki, Biləsuvar… Büveyhid əmirlərindən biri olan Piləsuvar tərəfindən ucaldılmışdır, mənası «əzəmətli atlı» deməkdir.
Toponomika adlarını tədqiq edən tarixçilər, coğrafiyaşünas və arxeoloqlar belə izah edirlər ki, guya «Biləsuvar-bura su gətir» deməkdir, ya da ki, «burada su var» mənasındadır. Şəhərin tarixini araşdırarkən belə izah etmək olar ki, «Biləsuvar-atlı əsgərlərin və çaparların keçid yeri» mənası indiki Biləsuvar toponiminə daha çox uyğun gəlir.
Qədim əlyazmalarda və kitablarda Biləsuvar adı ilə bağlı olan bütün mənbələrlə sizi tanış etməklə yanaşı, onun yaranma tarixi haqqında öz fikir və qeydlərimi sizə çatdırmaq istəyirəm. Bu o demək deyil ki, Biləsuvarın, Həməşaranın və yaxud Şəhriyar qalasının salınmasının dəqiq tarixini sübut etdik. Yox, bu fikir belədir: Biləsuvar şəhərinin yaşı insanların mövcud zamanlarına bərabərdir.
Görkəmli rus alimi, şərqşünas I.Berezin XIX əsrin ikinci yarısında Fars imperiyasının paytaxtı Tehrana və Isfahana səyahət etdiyi zaman Biləsuvarda olmuş və şərq mənbələrinə istinad edərək həmin şəhərin tarixi haqda belə yazmışdır: «Biləsuvar şəhəri beşinci iqlimdə yerləşir. Bu şəhərin əsasını Büveyhid nəslindən olan Piləsuvar adlı əmir. Yəni «Böyük Atlı» qoymuşdur. Hal-hazırda kənd halına düşmüşdür. Şəhərin ortasından axan çay da elə həmin adı daşıyır».
«Əcaib-əd-Duniyə» kitabının müəllifi Həmdullah Qəzvini, salnaməçi Əbdül Ibn Nəsir-əd-Din Mövləvi öz kitabı «Tarixi – Türküstan»da, Həmdullah Səmərqəndi Əmir Teymurun Muğana yürüşünün canlı şahidi olaraq öz əsəri «Sədai – Aləm»də Biləsuvar şəhəri haqqında geniş məlumat vermişlər. Həmdullah Səmərqəndi Biləsuvar haqqında söhbətində qeyd edir ki, «Əmir Teymur Biləsuvar yaxınlığında çayın sol sahilində özü ilə gətirdiyi 24 cığatay ailəsinə yaşayış üçün yurd yeri ayırdı. Həmin tayfanın başında dəmirçiliklə məşğul olan «zərgər» ləqəbli Sadıq adlı bir kişi təyin olundu».
Uca boylu və cəlbedici görünüşü ilə bütün mahalda fərqlənən gözəl simalı, gülərüz və qonaqpərvər Zərgərlilər haqqında məhşur rüs etnoqrafı, tədqiqatçı alim N.Zeydlits qeyd edir ki, «XIX əsrin II yarısında Zərgərlilər 150 alaçıqdan ibarət idi. Onların təxminən yarısı oturaq həyatı keçirərək, əkinçiliklə məşğul olurlar. Muğanın ərazisində bir neçə kənd və obalarda məskunlaşmış tayfalarla qarışıq halda yaşayırlar».
I.Oqranoviç öz hesabatında qeyd edir ki, 200 alaçıqdan ibarət olan Zərgərlilər əsasən Bolqarçayın sol sahilində məskunlaşmışlar. Onlarn yaşadıqları ərazidə çox böyük olmayan məscid və karvansara, poçt stansiyası, xırda ticarət köşkləri və cümə günləri isə ticarət yarmarkaları fəaliyyət göstərir. (KOIRQO, tom XXXIX, Tiflis, 1875).
Digər rus alimi V. Markov «Şaxsevenı na Muqani» (Tiflis, 1890) kitabında yazır: «Zərgərlərin əsas hissəsi, 150 evdən ibarət ailələr Bolqarçayın sahilində daimi oturaq həyatı keçirirlər. Onlardan 50 alaçığı isə köçəri həyatı keçirərək Savalan ətrafında yaşayırlar. Qədim qaynaqlar xəbər verir ki, Yunsur Paşanın nəvələrindən olan Kürd bəyin övladlarından törəmiş Zərgərlilər Poladlı, Dəmirçili, Quzatlı, sonralar isə Talış, Mikayıllı, Xəlifəli, Muğanlı, Udulu, Muradlı və s. tayfalarla qohumluq əlaqəsinə girərək müxtəlif tirə və nəsillərin əsasını qoymuşlar.
Biləsuvarın cənub hissəsində, o cümlədən Cəlilabad rayonunun Gülməmmədli, Bozayıran, Dələli, Sərxanlı, Təzəkənd, Zubanlı və onlara yaxın ərazilərdə məskunlaşmış digər tayfaların nümayəndələri ilə qaynayıb-qarışmış Zərgərlilərin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdən ibarətdir. Onların bəziləri bağçılığa da meyl göstərirlər. Zərgərlilərin gözəl xalça və kilim toxuyan təcrübəli ustaları, dabbağları və müxtəlif peşə sənətkarları vardır:
O vaxtkı Cığatay tayfasından indiyə kimi gəlib çatan bir qrup şahsevən ailəsi Biləsuvarın cənub hissəsində çayın sol sahilində yerləşən Zərgər kəndinin, eləcə də ona yaxın bir çox kəndlərin sakinləridir. Onlar dil, mədəniyyət və adət-ənənələrinə görə ətrafda olan bütün kəndlərin əhalisindən fərqlənirlər.
Zəngin məlumatlarla və tarixi faktlarla yazılmış «Cavahirnameyi Lənkəran» əsərinin müəllifi Seyidəli Kazımbəyoğlu Muğan diyarı haqda söhbətini davam edərək yazır: «Əmir Teymurun bərpa etdiyi çaylardan biri Barlas adlanan Xornəci çayıdır. Bu arx Araz çayının cənubundan Altan şəhərinin qırağından keçərək Muğan səhrasına-Qazan xanın binalarından olan «Çöl ağdam» deyilən yaşayış məntəqəsinə qədər axır. Bu çayın uzunluğunun 15 ağac, ikincisinin isə uzunluğunun 6 ağac olmasını qədim salnaməçilər yazırlar».
Islam fənləri haqqında məşhur «Rəzət üs-səfa» və Həbib–üs-seyər» kitablarında Barlas arxının qazılması və bərpa olunması belə izah edilir: «Sahibi giran Əmir Teymur 804-cü hicri ilinin qış fəslini Muğan səhrasında keçirtdi. Böyük təmtəraqla və dəbdəbə ilə Araz çayından keçib Muğanın ortasına sarı irəlilədi. Orada heyvan ovu zamanı əmirin gözü adlı-sanlı hökmdarlardan qalmış və dağıntı halına düşmüş arxa sataşdı. O böyük, dünyanın yarısını fəth edən şahın fikrindən aşağıdakılar keçdi: «Necə ki, keçmiş şahların gördükləri işlərin əsərini biz görürük, habelə gələcək şahlar da bizim gördüyümüz işlərin əsərini görüb bizi yaxşı adla yada salmalıdırlar». Ona görə də yuxarıda göstərilən çayın qazılmasına və düzəlməsinə əmr verdi.
Bir ayın ərzində çayın qazılma işi başa çatdı. Bir neçə kəndlər,qəsəbələr, bağlar və müxtəlif əkin yerləri bu çayın suyu ilə suvarılıb məhsul verdilər» («Cavahirnamə», səh.77).
Bununla da Biləsuvar şəhərinin tarixinin yeni səhifəsi yazıldı.
Biləsuvar-Muğanın yaraşığı, odlar ölkəsi, əfsanəvi qəhrəmanlar yurdu – nağıllar diyarını bax belə adlandırıblar. Həmişə sirli və məğlubedilməz süvarilər ölkəsini Bilyər və Suvar tayfalarının məskunlaşdığı, Muğan ölkəsinin cəngavər və məğlubedilməz möhtəşəm qalası sayılan «Şəhriyar şəhər yeri»nin keçmişini daha da dərindən öyrənmək üçün tarixi sənədlərə, əlyazmalara, müxtəlif tarixçilərin, səyyahların, coğrafiyaşünasların və hərbçilərin tərtib etdikləri gündəliklərə nəzər yetirməli oldum. Muğanın ucu-bucağı görünməyən çöllərində salınmış müxtəlif yurd yerlərində, obalarda, çoban düşərgələrində və çəmənliklərində oldum. Qarış-qarış gəzdiyim bu gözəl yerlərdə yaşayıb, köçəri həyat sürən muğanlılardan eşidib yazdığım yüzlərlə əfsanə, rəvayət və dastanlar qədim diyarımızın keçmişindən, onun cəngavər övladlarından bəhs edir.
Muğanın keçmişi haqqında orta əsrlərdə yaşamış tarixçilərin və səyyahların əsərlərindən bizə məlum olur ki, Şəhriyar qalasının darvazasına çatmaq üçün xüsusi dar keçid düzəldilmişdi. Qalaya gələn bütün cığırlar çaxmaq daşı ilə hörülmüş və bişmiş dördkünclü kərpic divar hasarları ilə əhatə olunmuşdu. Bu sərt yerlər heç kəsə baş əyməyib, doğma torpaqları yağılardan qoruyub. Deyirlər ki, bu təpə torpaq altında batıb qalmış qədim, lap qədim bir şəhərin xarabalığıdır. Onun qoynunda səhifəsi açılmamış sirli, əfsanəvi bir dastan yatır-xalqımızın hünər dastanı, qeyrət dastanı, Xornəçi dastanı-Muğan elinin qəhrəmanlıq dastanı.
Qədim Muğanın tarixinə, onun insanlarının keçmişinə yaxından tanış olan tanınmış pedaqoq Həmid Kərbəlayi Qara oğlu Tağıyev öz qeydlərində Muğanda salınmış Şəhriyar qalası haqqında maraqlı bir əfsanə yazmışdır. Əfsanədə deyilir ki, Şəhriyar qədim zamanlarda cah-cəlallı, gediş-gəlişli böyük bir qala şəhəri olub. Misirdən Çinədək olan məmləkətlərdən çoxlu tacirlər, karvanlar axışıb gələrmiş bu qədim şəhərə. Əfsanədə hətta qeyd edilir ki, şəhərin adına «Cəlalabad» bəzən də «Hüsniabad» deyərlərmiş. Bu şəhərin özü kimi gözəl və yaraşıqlı geyimli sakinləri, ucaboy və nur simalı əhalisi var idi. O vaxtlar bu əhali atəşpərəst olaraq günəşə, oda sitayiş edərmiş.
Ərəb sərkərdələri bir neçə dəfə böyük qoşunla bu şəhərə hücum ediblər, amma onu özlərinə təslim edə bilməyiblər. Axırda bunların əlindən bezmiş Əmir Əl-Mömin özü qılınc çəkib Şəhriyar qalasına gəlir, onun sakinlərini döndərib müsəlman eləmək istəyir. Şəhərin əhalisi ərəb xəlifəsinə baş əymir, təslim olmaq istəmir. Həzrət Əl-Mömin qəzəblənir, bir bəd dua oxuyur, bütün şəhər yerlə yeksan olur, özünün atəşpərəst əhalisi ilə birlikdə qalır suyun altında».
…Bəli, bununla da cəlallı, hüsnüabadlı və möhtəşəm Şəhriyar qalası olan bu gözəl şəhər yer üzündən silinir. Biləsuvar torpağı ərəblərin əlinə keçir…
Elə bütün bunları yaxından öyrənmək üçün tarixin «sənədli gündəliklərinə» nəzər yetirək.
Azərbaycanın və qonşu ölkələrin tarixinə aid salnamələrin demək olar ki, çoxunu qələmə alan, dünya tarixi haqqında on iki cildlik böyük bir külliyatın müəllifi məşhur ərəb tarixçisi və salnaməçi Izəddin Əbülhəsən Əli Ibn Əbülkərim Məhəmməd Ibn Əbülkərim Ibn Əbdül vahid əş—Şeybani Muğan diyarının fəthi haqqında özünün «Əl-Kamil-Fi-t-Tarix» əsərində yazır: «Muğanın fəthi hicrətin iyirmi birinci ilində olub. (642-ci il miladi). Bukeyr ibn Abdulla Muğan əhliylə döyüşüb onları məğlub edib dağıtdı. Lakin, sonra muğanlılar qayıtdılar və hər yaşa dolmuşdan bir dinar verməklə cizyəni qəbul etdilər (Göstərilən əsər, III cild, s. 14).
Bukeyr ibn Abdullah əl-Ləysi muğanlılarla sülh müqaviləsi bağlayıb onlara aşağıdakı mühafizənaməni təqdim etdi: «Bismillahi. Bu naməni Bukeyr Ibn Abdulla Muğanın əhalisinə, onların şəxsiyyətlərinin, var-
dövlətlərinin, dininin və qanunlarının qorunması üçün verərək şərtləşir ki, hər bir həddi-buluğa çatmış bir dinar və ya onun dəyərini verməli, müsəlmanlarla səmimi rəftarda olmalı, onlara yol göstərməli və onları bir gün və bir gecə öz hesabına dolandırmalıdır. Onlar üzərlərində ərəblərin hakimiyyətini tanıyana və onlar xeyirxahlıq münasibətində olana qədər əmin-amanlıqları təmin olunacaq. Biz də öhdəmizə götürdüyümüzü yerinə yetirəcəyik. Əgər onlar öhdələrinə götürülənləri pozub qeyri-səmimi olarlarsa, onlara xainlərini təslim etməyənə qədər əmin amanlıq yoxdur. Əks təqdirdə onlar özləri xainlərlə həmfikir sayılacaqlar.
Şahidlər Şəmmax Ibn Dirər, Rusaris ibn Cunadib və Həmələ Ibn Cuvayyə idi. Hicri iyirmi birinci ildə (642) tərtib olunub (Bax: Təbəri, «Tarix ər-rəsul vəl-mülük» əsəri, I cild, s.266-267).
Bununla da Şəhriyar düzündə böyük bir qalanın və ərazidə iki böyük yurd yerlərinin xarabalıqları sahibsiz olaraq yağışlı və qarlı günləri ilə yanaşı, isti yay günlərini yaşamağa düçar oldu. Qızmar günəş altında ilanların mələşdiyi bu ərazidən artıq ticarət karvanları keçməyəcək, bu yerlər tacir və səyyahların ayaqlarının səslərinə həsrət qalacaqlar. Yüz illərlə Muğan diyarını gül-çiçəyə qərq etmiş, təm-təraqlı və dəbdəbə ilə tikilmiş Şəhriyar qalası, onun karvansaraları, ticarət şəbəkələri,dükanları öz müştərilərini bir daha görməyəcəklər. Şəhriyar qalası əfsanəyə dönür. Şəhriyar qalası nağıl dünyasına qədəm qoyur. Xalqın tarix yaddaşı olan Şəhriyar qalası xarabalığa çevrilir. Şəhriyar düzündə at oynadan «vəhşi yadellilər» böyük şəhəri – Muğanın tayı- bərabəri olmayan bu möhtəşəm qalasının məhvinə nail oldular.
Şəhriyar qalası əfsanəyə döndü. «Əl kamil Fi-t-Tarix» əsərinin müəllifi Muğanın fəthi haqqında qeydlərini davam edərək bunları demişdir: «Bu tarix çox ağır və iyrənc olduğu üçün bir neçə il bunu yazmaqdan çəkindim. Islamın və müsəlmanların ölüm xəbərini kim asanlıqla yaza bilər və kim onu sakitcəsinə söyləyə bilər?
Kaş, anam məni doğmamış olaydı, yaxud mən bu hadisədən əvvəl ölmüş və tamamilə unudulmuş olaydım!
Bütün xalqların, xüsusilə müsəlmanların düçar olduğu bü müsibət elə bir müsibətdir ki, gecələr və gündüzlər onun mislini doğmamışdır. Əgər bir adam – «Allah-təala dünyanı yaratdığı zamandan indiyə qədər dünya belə bir bəlaya düçar olmamışdır!»- deyərsə, doğru demiş olar. Çinki tarixlər indiyə qədər buna bənzəyən heç bir hadisə görməmişdir».
Şəhriyar qala yerinin adına, Biləsuvarın və onun köhnə yurd yerlərinin xarabalıqlarının qısa təsvirinə XIX əsr və XX əsrin əvvəllərində Muğan düzündə olmuş rus müəlliflərindən A.Umanets, V.Bezmenov, M.Xanıkov, N.Zeydlits, I.Berezin, I.Oqranoviç, V.Markov, V.Krestovski, N.Karaulov və I.Mayevskinin əsərlərində də təsadüf olunur. Bu müəlliflər Biləsuvarın və Şəhriyar düzünün tarixinə dair çox qiymətli məlumatlar verirlər.
1828-ci ilin fevral ayının 10-da Təbriz yaxınlığında yerləşən Türkmənçay kəndində imzalanmış Sülh müqaviləsindən sonra Azərbaycanın şimal ərazisi Rusiya imperiyasının tabeliyinə keçir. Elə həmin zamanlardan başlayaraq Biləsuvarda Imperator rezidentləri öz mövqelərini möhkəmlətməyə can atırlar. Çox keçmir ki, Biləsuvar qalası, Rus imperiyasının Qafqaz arxasında ən mühüm hərbi nəzarət məntəqələrinin birinə çevrilir. Burada kazak polku, sərhədqoruma alayları və bir neçə hərbi düşərgə salınır. Bütün bunlarla yanaşı yeni qarnizonlar, yaşayış məntəqələri yaranır. Ruslarla yanaşı burada ukraynanılar, polyaklar, yəhudilər, almanlar, estonlar və s. avropamənşəli millətlərin nümayəndələri məskunlaşırlar.
Muğan rus imperiyasının nəzarəti altına düşür. Imperiyanın hüdudlarında Azərbaycan, xüsusən, onun Xəzərboyu cənub əyalətləri həm siyasi, həm də iqtisadi əhəmiyyət kəsb edirdi. Bununla da Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi nəticəsində böyük və qüdrətli Azərbaycan xalqı öz dövlət müstəqilliyini itirərək zorla iki hissəyə bölündü. Azərbaycanın bir parçası olan Muğan düzü Çar Rusiyasının zədəganlarının və sənaye sahiblərinin ticarət yarmarkasına, onların xammal bazasına çevrildi. Qədim Muğan diyarında az bir vaxtda bir çox rus kəndləri salındı. Yeni yaranmış bu yaşayış məntəqələrinin əhatəsində olan Biləsuvar qalası Rus Imperiyasının Forpostu kimi fəaliyyət göstərərək zəngin ticarət və hərbi-inzibati mərkəzə çevrilir. Şəhər yarandığı gündən Muğan diyarının tarixində mühüm rol oynamışdır.
1876-cı ildə Peterburq şəhərində nəşr olunmuş «Qafqaz general-qubernatorunun siyasi-inzibati məlumatı» kitabının IX cildində belə qeydlərə rast gəlmək olur: «Muğan düzünün tən ortasından axan bir çayın sahilində yerləşən Biləsuvar kəndinin qarşısında 1831-ci ildə bir neçə kazak ailəsindən ibarət «rus obası» («Russkiy xutor») salınmışdır. Həmin obanın bir neçə verstliyində yerli əhalinin məskunlaşdığı Ağdam yaşayış məntəqəsinin xarabalıqları qalır. Həmin xarabalıqlar iki yurddan ibarətdir – Yeni Ağdam və Köhnə Ağdam (Bu adlar yəqin ki, Ağvan ölkəsinin adı ilə bağlıdır. Ağvan-Ağların vilayəti, ölkəsi, «Ağdam» isə Ağların evi, yurdu deməkdir – S.N.). Işıqlı ev; yəni yer üstündə qurulan və günəş işığı ilə işıqlandırılan ev(lər) mənasını daşıyan Ağdam adlı yurd yerlərinin yaxınlığında Şəhriyar adlı bir qalanın dağıntıları qalır.
Məskunlaşdıqları obanın yanından axan çayı yerli əhali Bolqar çayı adlandırır. Həmin çay mənbəyini Xilxana deyilən bulaqdan götürür. Burovar dağının ətəyində yerləşən Həməşan kəndinə qədər ərazidə yaşayan əhali həmin çaya Şəmbəçay deyirlər. Ondan isə Şirinsu çayı ilə birləşdiyi əraziyə qədərki məsafədə yerləşən kəndlərin sakinləri həmin çayı Adnabazar çayı kimi adlandırırlar. Şirinsu və yaxud Suqovuşan vadidən Biləsuvara kimi həmin çayı yerlə əhali Bəlhəri, Biləsuvardan isə sonuncu yerinə qədər Bolqarçayı, bəzən də Biləsuvar çayı kimi adlandırırlar. Biləsuvar çayı Muğan düzündə bir neçə çökəkliyə və qamışlığa axaraq dənizə 10 verst qalmış çiyilliklərə yayılır. Həmin yerə isə «Yeddi təpə» örüşü deyirlər.
Kitabda daha sonra yazılır: «1873-cü ildə Rus Biləsuvarında 139 dım (tüstü çıxan ev) var idi ki, orada 935 nəfər əhali yaşayırdı. Əhalinin tərkibi belə idi. Tatarlar (yəni azərbaycanlılar – S.N.)-456 nəfər, onlardan 217 nəfər kişi, 239 nəfər qadın; 321 nəfər rus-onlardan 195 nəfər kişi, 126 nəfər qadın; 15 nəfər yəhudi-9-u kişi, 6 nəfəri isə qadın; 19 nəfər polyak-onlardan 11 nəfər kişi, 8 nəfər qadın, 7 nəfər alman- 5 nəfər kişi, 2 nəfər qadın; 33 nəfər qadın, 12 nəfər kişi isə Çığatay mənşəli Zərgər tayfasından ibarətdir.
Bundan savayı kənddə kazaklardan ibarət sərhədqoruma və gömrük məntəqələrinin əsgərləri öz ailələri ilə birgə yaşayırlar. Onların ailə tərkibi isə belədir. 325 nəfər qulluqçudan ibarət qarnizonda 71 qadın yaşayır. 15 yaşına qədər uşaqların sayı 53-dür. Onlardan 29 oğlan, 24-ü isə qız uşağıdır.
Kənddə 15 çarpayılıq xəstəxana, hərbi lazaret, kitabxana, ikisinifli ibtidai məktəb, poçt stansiyası, aptek, qonaq evi və katoliklərin ibadətxanası fəaliyyət göstərir. Bundan savayı Biləsuvarda böyük bazar, bir neçə karvansara, divanxana və s. vardır.
Tarixi araşdırmalardan məlum olur ki, Biləsuvar Rus imperiyasının «Cənub qapısı» olub. Buna görə də bu «forpost» qərb ölkələrindən gələn ticarət adamlarını, alimləri və səyyahları özünə cəlb eləyib.
Arxivdə tarixi sənədləri araşdırarkən, qocaman müəllimə Leyla xanım Muğanlının gündəliyində belə qeydlərə rast gəldik. Həmin qeydlər 1833-cü ildə Biləsuvarda olmuş ingilis taciri Markus Semyuelin xatirələrindən tərcümə olunmuşdur. M.Semyuel yazırdı: «18 avqust 1833-cü ildə Xəzərin sahilinə Muğan torpağında çıxdıq. Ondan 10-12 mil çayın üstü ilə qərbə tərəf yollandıq. Axşamüstü hər tərfdən bağlı, yerli sakinlərin Biləsuvar adlandırdığı bir şəhərə çatdıq. Bu şəhərin qala divarları dördkünc hörülmüş, künclərin üstündə qüllələr ucaldılmışdı. Baş darvazanın qülləsində isə çəkisi 40 pud olan mis zəng asılmışdı, o da «car» çəkməkdən ötrü qoyulmuşdu. Qüllələrin pəncərələrindən (qüllə-keşikçəkən əsgərlərin nəzarət etdikləri zaman yerləşdikləri tikiliyə deyilir. Rus dilində isə ona «Başnya» və yaxud «Vışka» deyilir), topların lülələri görünürdü. Darvazalarda 20 nəfərdən ibarət türkmən gözətçisi dayanmışdı. Şəhərin hasarları əhatəyə alınmışdı. Bir darvazadan o biri darvazaya kimi dükanlar tikilmişdi. Dükanların arası və bütün küçələr boz daşlarla (çay daşları) döşənmişdi. Dükanların qarşısındakı çərçivələr müxtəlif rəngli boyalarla bəzənmişdi.
Biləsuvarın yaxınlığındakı Şəhriyar qalasının xarabalığında, onun mərkəz hissəsində qədim zamanlarda feodal qəsri yerləşirdi. Qalanın dörd tərəfindən gələn küçələr isə həmin qəsrə birləşirdi. Sənətkarların emalatxanaları – dükanları həmin küçələr boyu düzülmüşdü. Feodal qəsrinin ayrıca hasara alınması göstərir ki, şəhərin hakimi olan feodal nəinki çoxlu gəlirə malik idi, o həm də həmin gəliri şəhər və kənd əhalisinin istismarı hesabına topladığından malikanəsində özünü rahat hiss edə bilmirdi. Ona görə də yaşadığı qəsri ayrıca hasara almağa məcbur idi.
Feodal şəhərin əsas sahibi idi. Tarixdən bizə məlumdur ki, varlı feodallar adətən şəhərlərdə yaşayırdılar. Hər şeydən əvvəl, şəhər onun torpağında yerləşirdi. Şəhərin bazarı, hamamı, dükanları, karvansarası, su mənbəyi, sənətkarların karxanaları onun əlində idi. Feodal onları sənətkarlara və tacirlərə kirayə verirdi.
Daha sonra M.Semyuel öz «Yol qeydləri»ndə yazır: «Mən Biləsuvarda gəzərkən yerli sənətkarların çaylardan yığılmış balıqqulaqlarından çox böyük ustalıqla cürbəcür bəzək əşyaları və kiçik sənduqələr düzəltməklərinin şahidi oldum. Həmin ustalardan xahiş etdim ki, «onlar mənim Ingilistan torpağında yaşayan dostlarım üçün mücrülər və başqa kiçik bəzək əşyaları düzəltsinlər». Mənim sifarişim qısa bir vaxtda, yəni 5-6 saata hazır oldu. Mən balıqqulağından hazırlanmış suvenirləri iki böyük taxta qutuya doldurdum. Bunlar mənim vətənim Londonda yaşayan ingilislər üçün «göydəndüşmə bir tapıntı» idi».
Yerli sənətkarların hazırladığı bu əşyaların hər biri nadir və nəfis incəsənət nümunəsidir. Bu da həmin sənətkarların mənsub olduqları tayfanın, xalqın tarixini və mədəniyyətini yaşatmaq deməkdir.
O dövrün səyyah və tacirlərinin gündəliklərindən bizə məlum olur ki, Biləsuvarın ən böyük küçəsinin eni on addımdan artıq olmazdı. Ən küçük küçənin eni isə ancaq piyadalar üçün nəzərdə tutulmuş, iki divar arasındakı məsafədə iki-üç addımdan gen deyildi.
Gündəlikdə qeyd olunur ki, Biləsuvar qalasının sakinləri olduqca əqidəli və mehribandırlar. Hər ailə özünün əqidəsinə uyğun olaraq təmiz və yaraşıqlı libaslar geyinirlər. Kişi və qadınların yapıncılarındakı bəzək əşyaları müxtəlifdir. Qiymətli daş – qaşlar vurmurlar, qızıl işlətmirlər, müxtəlif muncuqlardan istifadə olunur. Gümüş əşyalar olduqca çoxdur. Gümüş əsasən Suriyadan, Istanbuldan və Fars ölkələrindən gətirilir. Özlərinəməxsus çəkmələr və çarıqlar geyinirlər. Yaxşı atları olur, qatır, ulaq da çoxdur» («L.Muğanlı, «Gündəlik», I dəftər, səh. 78-81).
* * *
Bildiyiniz kimi, tarix boyu insanların məskunlaşması sulu yerlərin, çay və göllərin sahilində olmuşdur. Gəlin Muğanın bu gözəl təbiətə malik olan hissəsində salınmış yaşayış məntəqələri ilə sizinlə birgə tanış olaq.
Əldə etdiyim müxtəlif arxiv sənədləri əsasında, kolxoz və əmək artellərinin, hətta kənd ərazi sovetliklərinin məlumatlarından istifadə edərək Biləsuvar rayonunun 1930-cu ilə aid olan xəritəsini tərtib etdim.
Indiki Biləsuvardan Cəlilabada doğru uzanan və Iranın sərhəddilə qonşu olan ərazilərin mənzərəsini nəzərdən keçirərkən bizə məlum olur ki, Yuxarı Çürəli kəndi Bolqarçayın sağında olub, çayın sol sahilində isə son əsrlərdə əsl ticarət mərkəzi olan Biləsuvar şəhəri yerləşib. XX əsrin əvvəllərində bu yerlər ticarət sarıdan əlverişli olduğu üçün çox abadlaşmış və inkişaf etmişdir. Salyan, Şamaxı, Bərdə istiqamətindən Talışa gedib-gələn sövdəgərlər həmişə Biləsuvarda gecələmişlər.
Biləsuvarın yaxınlığından keçən karvan yollarının kəsişdiyi yerdə böyük bir karvansara var idi. Karvansara dörd yol ayrıcında yerləşirdi. Karvansaranın həyətinə xüsusi olaraq su arxı çəkilmişdi və oradakı böyük su hovuzunun ətrafında gözəl bir bağ salınmışdı. Burada dörd istiqamətdən gələn səyyahlar və tacirlər dincələrək yollarına davam edirdilər.
Biləsuvar şəhərinə yaxın birinci kənd Böyük Təzəkənddir. Çayın sağ tərəfində isə əvvəl o biri Təzəkənd, ondan bir az qabaqda isə Dövrüşlü yaşayış məntəqələri olmuşdur.
Əmənkəndi ilə Dövrüşlü yaşayış obasının arası nisbətən uzaqdır. Əmənkənd yaşayış məntəqəsi Dövrüşlü və Təzəkəndə nisbətən çox böyük olmuşdur. Burada yaşayan əhalinin sayı bunların hər ikisindən iki dəfə çox idi.
Bir qədər irəlidə küçük yaşayış məntəqəsi-Koryağino kəndi yerləşirdi. Burada ruslarla yanaşı Əcirli tayfasından olan yerli əhali yaşayırdı. Həmin ərazi olduqca geniş otlaq və əkin yerlərinə malikdir. Əcirlilər buraya Həmşəri çayının sahilindəki kiçik Qarayar (Uzuntəpə) kəndindən köçüb gəliblər. Çayın sağ sahilində yerləşən torpaqlar Əmənkəndin ərazisinə daxil idi.
Ondan bir az aralı, çayın sağ sahilində Ağalı bəyin qışlağı yerləşirdi. Ağalı bəyin qışlağının otlaqları Astraxanbazarın əkin sahələri ilə qonşu olmuşdur. Çayın sağ sahilində əvvəlcə Baryatino, sonra isə Qlubnika kəndləri, ondan bir az aralıda (ön hissədə) Muravyovka kəndləri var idi. Bu kəndlərdən ən böyüyü Yuxarı Cürəli olmuşdur. Aşağı Cürəlinin torpaqları da Astarxanbazarın sərhədlərinədək uzanıb gedirdi. Sonra kiçik Qriboyedovka, ondan aşağıda isə Puşkino kəndi salınmışdı. Puşkino kəndi ilə üzbəüz Bolqarkənd adlı bir yaşayış məntəqəsi var idi. Bu iki kənd sonralar gəlmələr hesabına böyüyərək bir-biri ilə qovuşmuş, o biri rus kəndlərinin əhalisini keçərək genişlənərək qəsəbə halına düşmüşdür. Sonralar bu yaşayış məntəqəsi indiki Biləsuvar rayonunun mərkəzi sayılan Biləsuvar şəhərinə çevrilmişdir.
Indiki rayon mərkəzinin yerində olmuş Puşkino kəndinin Bəhrəmtəpə istiqamətində yaşayış məntəqələri ardıcıl olaraq bir-birinin arxasınca gəlir: Fioletovka, Kirovka, Ağ əyri, Novotroitski, bundan xeyli aralı Ağpost-Nərimanovka kəndləri (40-cı illərdə salınıb). Indiki Əzizbəyov adına kanalın sağ sahilində təkcə bir kiçik kənd mövcud idi-ona Bayram kəndi deyərdilər. Ondan arxa tərəfə Çərçili, Məşi düzü, Rüstəm qışlağı olmuşdur. Nərimanovkadan sonra Kərbəla bəy ağa, Qaradonlunun lap yaxınlığında Mir Əli bəy qışlaqları var idi.
Govurarxı boyunca Qaradonlu istiqamətində Erkəkqoyun postu, bir qədər Biləsuvara yaxın Yovşan təpə, sonra yuxarıda söhbət açdığımız Şəhriyar postu sıra ilə düzülmüşdür.
Biləsuvar rayonunun şərq hissəsində Xarmandalı istiqamətində, lakin ondan bir az aralıda Arxangelovka və Boqoslavka kəndləri gəlirdi. Sonra Novoqrajdanovka, Tatyanovka, Konstantinovka, ondan xeyli aralı (Ağəyriyə yaxın) Romonovka kəndləri yerləşirdi.
Əvvəllər Xarmandalı kəndi də abad yaşayış məntəqəsi olmuşdur. Bu kəndin yaxınlığındakı ərazi çalaya qədər qışlaq yerləri olmuşdur. Bu yerlərə qonşu olan ərazidə – Tatyanovka kəndi istiqamətindəki kiçik arxın yanında Sarıabad yaşayış məntəqəsi yerləşirdi. Bu məntəqənin sakinləri Ağəli bəyin tayfasına mənsub olduqları üçün sonradan Biləsuvar yaxınlığındakı ərazilərə köçüb gedərək indiki Ağalıkənd, Təzəkənd, Qlubnika və s. kəndlərin əsasını qoymuşlar.
Muğanın orta hissəsində olduğu kimi, onun cənub ərazilərində də bir neçə rus kəndləri mövcud idi. Bu kəndlər əsasən 1828-ci ildə «Türkmənçay müqaviləsi» imzalandığı vaxtdan sonra yaranmışdır. 1930-cu ildə Azərbaycanda inzibati ərazi bölgüsü zamanı Muğanın cənub hissəsi Astraxanbazar, Biləsuvar, Qaradonlu və Masallı rayonları tabeçiliyinə keçdi. Biləsuvar və Astraxanbazar rayonları yerli əhali arasında «Rus Muğanı» və yaxud «Azərbaycan Ukraynası» adlanırdı.
1930-cu ilin avqust ayının 8-də təşkil olunmuş Biləsuvar inzibati-ərazi vahidi 26 may 1964-cü ildə Astraxanbazar rayonunun ərazisi ilə birləşdirildi. 1965-ci ilin yanvar ayının 6-dan yenidən ayrılaraq Puşkin rayonu adını almışdır. (1938-ci il iyul ayının 19-dan Biləsuvar rayonu «Puşkin rayonu» adlanmış və rayonun inzibati mərkəzi Puşkino kəndi olmuşdur).
Puşkin rayonunun ərazisindəki kənd yaşayış məntəqləri XIX əsrin II yarısından sonra salınmışdır. Ötən əsrin əvvəllərində isə Rusiya və Ukraynadan köçürülmüş kəndlilər burada özlərinə yeni «yurd yerləri» salmışdılar.
Sabir Nəsiroğlu, tarixi araşdırmaçı