Ömrünü savadsızlığa qarşı mübarizəyə həsr edən lənkəranlı müəllim

Ötən əsrin ortalarında Lənkəran və Masallının kəndlərində şagirdlərin təhsil alması üçün fədakarlıq göstərən ziyalılardan biri də Abdulla Qafur oğlu İbadov olub. O, İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra Separadi və qonşu kəndlərdə uşaqların təhsilə cəlb olunmaları, biliyə yiyələnmələri üçün çox əziyyət çəkib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranın Separadi kəndində Abdulla İbadovun xatirəsi anılıb. Tədbirdə çıxış edənlər bildiriblər ki, dövrünün tanınmış şəxslərindən olan Abdulla müəllim qardaşı Şükürlə birlikdə Separadi və qonşu kəndlərdən şagirdlər toplayaraq, yaşadığı evin bir otağını sinif kimi istifadə edib, şagirdlərə dərs deyib. Şagirdlərin sayı çoxaldıqca Abdulla müəllim də kəndin imkanlı şəxslərinin köməyi ilə sinif otaqlarının sayını artırıb. Bununla da Separadi kəndində 1925-ci ildə ilk dəfə olaraq dördillik ibtidai məktəbin təməli qoyulub. Məktəbin ilk müəllimi və direktoru da elə özü olub.

O, həmişə savadsız mollalara qarşı mübarizə aparıb. Qızları, qadınları müasir təhsilə cəlb etməsinə görə dəfələrlə təzyiqlərə məruz qalıb. Hətta məktəbin yandırılmaması üçün gözətçiliyi də özü edib.

Abdulla müəllim Masallı və Lənkəranın, ümumilikdə, 13 kəndində təhsil sisteminə əvəzsiz töhfələr verib. Bu xidmətlərinə görə, 1951-ci ildə “Şərəf” ordeni nişanı ilə təltif olunub.

Qeyd edək ki, 1901-ci il martın 10-da Separadi kəndində anadan olan Abdulla İbadov 84 yaşında dünyasını dəyişib.

Paylaş: