Тег: xususi


Azərbaycanda kütləvi ixtisarlar: Xüsusi rejim hotelçiliyi də “vurdu” - ÖZƏL

VuVu Uma - 1 год тому назад
“Bakıda fəaliyyət göstərən hotellərdə çalışan işçilər kütləvi şəkildə ixtisara salınıb. Koronavirusla bağlı yaranmış vəziyyət hotelçiliyə kifayət qədər ziyan vurub”.

Bunu Oxu.Az-a açıqlamasında Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib.

Onun sözlərinə görə, iri hotel şəbəkələrində çalışan əcnəbi menecerlərdən fərqli olaraq, yerli işçilərin böyük əksəriyyəti ixtisara düşüb:

“İşçilərin kütləvi şəkildə ixtisara salınması, evə buraxılması prosesləri müşahidə edilir. Bu heç də ürəkaçan məqam deyil. Turizm sisteminə kifayət qədər ziyan dəyir. İri hotel şəbəkələrində xaricdən dəvət olunan menecerlər çalışırlar. Onların aldığı məvacib kifayət qədər çoxdur.

Çətin vəziyyətdə yerli işçiləri işdən çıxarmaqdansa, əcnəbi menecerlərin ixtisara salınması daha münasib olardı. Çünki 3-5 xarici menecerin aldığı aylıq məvacib təxminən 100 nəfərə yaxın yerli işçinin aylıq əməkhaqqısı deməkdir. İş olmadığı üçün işçilərin məvaciblərinin ödənilməsində ciddi problem yaranıb. Bu da ixtisarlara gətirib çıxarır. Təəssüf ki, bu məqama lazımi səviyyədə diqqət yetirilmir”.

S.Dübəndi onu da əlavə edib ki, mövcud vəziyyətlə bağlı bir neçə gün əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Hotellər və Restoranlar Assosiasiyasını təmsil edən qurumlar toplanaraq danışıqlar aparıb:

“Turizm sahəsini təmsil edən qurumların, assosiasiyaların iştirakı ilə danışıqlar aparılıb. Çalışırıq ki, dəyən zərərə dair rəqəmlər dəqiqləşdirilsin. Bu istiqamətdə işlər aparılır. Gələn həftənin sonuna qədər yəqin ki, təxmini rəqəmlər məlum olacaq. Rəqəmlər dəqiqləşdirilib dövlətə təqdim edilməlidir ki, buna uyğun şəkildə kompensasiya ödənilməsi məsələsinə baxılsın.

Dövlət bu məsələdə ortaya qoyulan iqtisadi rəqəmlər əsasında bir qərar qəbul edə bilər. Zərər çəkən əsasən kiçik və orta biznes sahəsidir. Kompensasiya məsələsi zamanı da kiçik və orta biznes sahəsinə üstünlük verilməsi gözlənilir. Toplantı zamanı mövcud vəziyyətdən minimum ziyanla çıxmaq üçün bir sıra alternativlər irəli sürdük.

Təkliflər arasında ən azı işçilərə ölkə üzrə minimum əməkhaqqının (250 AZN) ödənilməsi, aylıq məvacibdən tutulan verginin azaldılması və ya vəziyyətlə əlaqədar müvəqqəti ləğv edilməsi, hotel sahəsini qaçılmaz vergilərdən azad etmək var. Bunlar bir çıxış yolu kimi qiymətləndirilə bilər.

Xüsusi rejim qərarından sonra işə getməyənlərin maaşları necə ödəniləcək? - ŞƏRH

VuVu Uma - 1 год тому назад
Ölkə ərazisində koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı yoluxma hallarının minimuma endirilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən bir aylıq xüsusi rejimin tətbiq edilməsinə qərar verilib. Təbii ki, qərar əsasında bütün dövlət və özəl qurumlar müvafiq tədbirlər görüb.

Lakin bütün bunlarla yanaşı, insanlar bəzi suallarına cavab tapa bilmirlər. Xüsusən də, dövlət və özəl müəssisələrdə çalışan şəxslər ay sonunda məvacibləri hansı formada alacaqlarını bilmir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq ləğv edilən iş günlərinə görə işçilərin maaşları kəsiləcəkmi?

Maaşların verilməsində kəsilmə olacaqsa, bu hansı meyarlar əsasında hesablanacaq? Həmin proses həm dövlət, həm də özəl müəssisələrdə eyni şəkildə aparılacaq, ya yox?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov cavablandırıb. Onun sözlərinə görə, insanları narahat edən bu məqam, təəssüf ki, Əmək Məcəlləsində normal şəkildə tənzimlənmir:

“Təəssüf ki, bu məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsində normal qaydada tənzimlənməyib. Belə ki, Əmək Məcəlləsində işçilərin boşdayanma halları zamanı əməyin ödənilməsi məsələsinə dair bir sıra məqamlar yer alır. Amma həmin sənəddə bu vəziyyətin hansı müddət arasında qüvvədə olacağı qeyd edilmir. Sözügedən maddəyə əsasən, məsələn, işçinin günahı olmadan boşdayanma halı olursa, bu zaman işçilərə tarif (vəzifə) maaşının üçdə ikisindən az olmayan həcmdə ödəniş edilir. Əgər şəxsin vəzifə tarif maaşı 300 manatdırsa, deməli, azı 200 manat ödənilməlidir. Amma Məcəllədə boşdayanmanın hansı müddətə qədər tətbiq ediləcəyi konkret göstərilməyib. Yaxşı olardı ki, qanunda bunun 1 ay və ya misal üçün, 5 aylıq bir müddətə nəzərdə tutulduğu qeyd olunsun. Bildiyim qədərilə dövlət müəssisələrində çalışan işçilərin əmək haqları tam şəkildə ödəniləcək.

Başqa bir məqam isə kollektiv məzuniyyətlə bağlıdır. Koronavirusu təbii fəlakət hesab etsək (artıq Ümumdünya Səhiyyə Təşkilatı bunu elan edib) və boşdayanma uzun müddət davam edərsə, 146-cı maddə işə düşə bilər. Bir şərtlə ki, bu, kollektiv müqavilədə, ya da əmək müqaviləsində əksini tapmış olsun. Əgər kollektiv və ya əmək müqavilələrində təbii fəlakət, texniki qəza nəticəsində istehsalın dayanması, işi davam etdirməyin mümkün olmadığı (işçilərdən asılı olmayan səbəblərdən) nəzərdə tutulubsa, işçilər ödənişsiz məzuniyyətə göndərilə bilər. Lakin bu gün bir çox yerlərdə əmək müqaviləsi tətbiq edilmir. Əmək müqaviləsi ilə işləyən işçilərin müqavilələrində isə standart maddələr yer aldığından, bu kimi məqamların razılaşdırılmasının qeyd edildiyini düşünmürəm”.

Hüquq müdafiəçisi mövcud vəziyyətlə əlaqədar müvəqqəti qanunvericiliyin hazırlanması ilə bağlı təklif irəli sürdüyünü bildirib:

“Əmək münasibətlərinin tənzimlənməsi üçün düşünürəm ki, bu məqamlar xüsusilə nəzərə alınmalıdır. Ölkə ərazisində elan edilən xüsusi rejimlə əlaqədar müvəqqəti qanunvericilik hazırlanması yaxşı olardı. Çünki bir məqam da insanların özünü izolyasiya halı ilə bağlıdır.

Şəxs özündə virus ola bilməsindən şübhələnir və ya şübhəli şəxslərlə ünsiyyətdə olduğu üçün özünü izolyasiya etmək istəyir. İşə gəlməyərək həm özünün, həm də kollektivin təhlükəsizliyini təmin etməyə çalışır. Bəs əgər şəxs özünütəcridə keçirsə, necə olacaq? İşəgötürənlər sonradan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsinə xitam verəcək?

Bu səbəbdən mütləq şəkildə xüsusi rejim müddəti üçün müvəqqəti qanunlar qəbul olunmalıdır. Bu arada biznesin də maraqları nəzərə alınmalıdır. Kiçik sahibkar (lap elə iri sahibkar) qazanc əldə edə bilmirsə, işçilərin əməyini ödəyə bilməyib müflis olacaq. Hökumət bu məsələdə dəstək barədə fikirləşir. Bu yaxşı haldır. Amma digər məsələlərə təcili reaksiya verilməlidir”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində sözügedən məsələlərlə bağlı bir sıra maddələr qeyd olunub. ƏM-nin 70-ci maddəsinin (ç) bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya bu Məcəllənin 72-ci maddəsində (Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar) sadalanan hallar qeydə alındıqda işəgötürən tərəf əmək müqaviləsini ləğv edə bilər.

169-cu maddədə isə boşdayanma vaxtı əməyin ödənilməsinin hansı formada tənzimlənməsi qeyd olunub. Belə ki, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxsə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir. Lakin işçinin təqsiri üzündən qeydə alınan boşdayanma vaxtı ödənilmir.

Məcəllənin 146-cı maddəsində isə müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi qaydaları qeyd olunub. Bu halda iki məqam nəzərə alınır:

1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərdə və qaydalarda işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.

2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir.

Prezident Xüsusi Dövlət Mühafizə Xidmətini ləğv etdi

VuVu Uma - 1 год тому назад
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 31-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilsin.

2. Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında aşağıdakı dövlət orqanları yaradılsın:

2.1. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

2.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

2.3. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müvafiq olaraq əsasnamələrinin, strukturlarının və ali zabit heyəti vəzifələrinin siyahılarının layihələrini, habelə hərbi qulluqçuları və işçilərinin say həddi barədə təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müvafiq əsasnamələri təsdiq edilənədək Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 794 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə”də müvafiq hissələrdə nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etsinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. “Azərbaycan Respublikasının Milli Qvardiyasının statusu haqqında” Qanun layihəsini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Sabahdan Azərbaycanda xüsusi rejim tətbiq edilir

VuVu Uma - 1 год тому назад
Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır:

ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir;

ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır;

ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla);

dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur;

restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir;

restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir;

saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır;

ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir;

aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır;

ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir;

tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir;

dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər;

dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir;

özəl tibb müəssisələri Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə (TƏBİB) koordinasiya şəraitində çalışmalı, yarana biləcək hər-hansı hallar üçün yüksək hazırlıq səviyyəsi təmin edilməlidir;

qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır;

Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaqdır.

Eyni zamanda, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir.

Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur.

Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения