Orta əsr qəbristanlığı və sitayiş edilən Daş Qoç və qaratikan abidəsi-Araşdırma

Cəlilabad rayonunun Hacıismayıllı kənd ərazisində aşkar olunan Orta əsr qəbiristanlığı böyük bir sahəni (2 ha yaxın ) əhatə edir. Qəbiristanlıq kəndin şimal-qərb istiqamətində qərar tutub. Əraziyə daxil olarkən müxtəlif ölçülərdə baş və sinə daşlarına rast gəlirsən. Təxminən XIV-XVI əsrləri səciyyələndirən bu daşların üzəri müxtəlif simvollar, həndəsi fiqurlar – damğa və şəkillərlə bəzədilmişdir. Əksəriyyətini “Çərxi-fələk” (svastika) adlandırdığımız kosmoqonik məzmunlu işarələr təşkil edir. Biz ərazini gəzdikcə qəbirüstü abidələrdə Günəşin təsvirini əks etdirən simvollara rast gəlirdik. Əcdadlarımızda Günəş istilik, həyat, işıq rəmzi olduğundan daşyonma ustaları da daş üzərində müxtəlif formada Günəşi əks etdirən dairələr həkk etmişlər. Bəzi baş və sinə daşlarında  ərəb əlifbası ilə işlənmiş yazılar da var. Bu yazıların oxunması üçün mütəxəssisə ehtiyac var.

Muğan  torpağının hər qarışı tarixin müəyyən dövrlərindən soraq verir, əcdadlarımızın həyat tərzi və yaşayışı haqqında dolğun təəssürat yaradır. Zəngin tarixi-mədəni irsimiz təkcə memarlıq abidələrində deyil, həm də daş abidələrdə yaşayır. Əcdadlarımızın yaratdıqları daş abidələr, xüsusilə, Muğanın yerüstü abidələri, ümumilikdə, bu ərazidə yaşayan türk etnoslarının  tarixindən xəbər verən dəyərli qaynaqlardır.

Ən maraqlısı rast gəldiyimiz Daş qoç heykəlidir. Heykəlin üzü şərqə doğru baxır. Sifət hissəsi sındırılıb. Boyun və bədən hissəsi salamatdır. Daş qoç silindirik formada yonulub. Boynuna bağlanmış şal parçalar, kələğayılar bu abidənin qəbirüstü sitayiş yeri – pir kimi ziyarət olunmasını və yerli sakinlər tərəfindən qorunmasını açıq-aydın göstərir. Yerli müsəlman əhali, çox güman ki, qoçun boynuna şal parçaları müsəlman qaydasına uyğun olaraq qurban bayramında bağlayarmış və bu gün də bu adət-ənənə davam edir.

Bir zamanlar Cəlilabad-Yardımlı ərazisində xeyli (onlarla) qəbirüstü daş qoç heykəllər mövcud idi. Ötən əsrin 70-80-ci illərində (Sovet hakimiyyəti illərində) mənfur qonşularımızın (ermənilərin) hiyləgər siyasəti nəticəsində daş qoç heykəllərin sındırılması “qızılaxtaranlar” tərəfindən həyata keçirilirdi. Bu səbəbdən də heykəllər ilbəil öz varlığını itirməyə – yoxa çıxmağa başladı.

Tarixdən məlumdur ki, Qoç heykəllər, qəbirüstü abidələr, daş üzərində oymalar, “Çərxi-fələk” – svastikalar türk elində, həmçinin azərbaycan türk yurdlarında qədim və orta əsrlərdə mifoloji və dini baxışlarla bağlı olmuşdur. Bunlar həm xalqımızın qədim mədəniyyətindən nümunələr, həm də estetik təsir bağışlayan sənət əsərləridir. Adətən, qəbirüstü Daş Qoç abidələr sərkərdələr, igid döyüşçülər, zadəgan əsilli insanların məzarları üzərində bir  simvol olaraq qoyularmış.

Hacıismayıllı qəbristanlığında ətrafı gözdən keçirərkən, Daş-qoç heykəlin yanında dairəvi formada tikilmiş türbə-məqbərənin uçurulmuş yeri görünür. O dövrə aid tikilən məqbərələr iki məqsəd üçün inşa edilmişdir:

1-cisi, suffizmi təbliğ edən mürşid və müridlərin cəmiyyətdən və hakimiyyətdən kənar bir yerdə xanəgahlar tikərək öz dini-siyasi təbliğatları ilə məşğul olmaları,                                      2-cisi, dünyasını dəyişdikdən sonra seyidlər, din alimləri, ruhanilər üçün  türbələrin tikilməsi. Burada tikilən türbələrin 2-ciyə aid olması ehtimalı daha böyükdür. Bu ərazilərdəki türbə yerləri çox diqqətlə araşdırılmalı və öyrənilməlidir.

Sonralar həmin ərazilər yerli sakinlər tərəfindən ziyarətə çevrilmişdir. Sovet hakimiyyətinin ilk illərində xanəgah və türbələr dağıdılır. Ora inamı olanlar ziyarətinidavam etdirmək üçün ətrafdakı qəbir daşlarına, ağaclara, həmçinin qəbirüstü abidə olan daş heykəl Qoçlara inamlarını bağlayırlar. Bu adət-ənənə son vaxtlara qədər davam edir. Qəbirüstü abidələri araşdırarkən (E.Əmənov, R.Rzayev,E.Hüseynov və bəndəniz Ə.Mirzəzadə) biz bunun şahidi olduq.

Bütün bunlar göstərir ki, qədim türk mədəniyyəti türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin ortaq mədəniyyətidir.

14.08.2023–cü il tarixdə Araşdırma  növbəti gün də davam etdi. “Tarixçilər Birliyinin” üzvləri 2-ci gün daha diqqətlə araşırmalar apararaq qəbirüstü abidələrin hansı dövürə, ərəbcə yazıların və uçurulmuş türbələrin kimlərə aid olduğunu öyrənməyə can atdılar. Səfərdə Salyan Regional idarəsinin rəisi Yusif Hüseyinov, Cəlilabad rayon üzrə abidə mühafizəçiləri, Cəlilabad rayon Tarix-Diyarşünaslıq  muzeyinin direktoru və ictimaiyyət nümayəndələri də iştirak edirdi.

Təxmini bir saatlıq ümumi baxışdan sonra araşdırmaçılar mövcud yerüstü əlamətlərinə görə bu məzarlığın Orta əsrlərə aid olduğu qənaətinə gəldilər. İlk baxış zamanı hansı xüsusiyyətləri müəyyən edə bildik?

1)        Orta əsrlər dövrünün bütün mərhələlərini öyrənməyə imkan verən maddi – mədəniyyət nümunələrinin mövcudluğunu;

2)        İlk dəfə olaraq Qoç-daş  fiqurunun inanc obyekti olduğunu bildirən məkanın

olmasını;

3)        Dairəvi formada olan qaratikan ağaclarının inanc obyekti olmasını;

4)        Kosmoqomik işarələri olan baş daşlarının mövcudluğunu;

5)        Ərəb qrafikalı yazısı olan baş daşlarının (itibucaqlı) mövcudluğunu;

6)        Ehtimalla sufilər üçün xarakterik baş daşlarının və sufi xanəgahının mövcuduğunu;

 

Tarixçilər Birliyi”nin üzviləri mövzu ilə əlaqədar tədqiqat materialları toplamaq məqsədi ilə kəndin yaşlı nəsilləri ilə görüşməyi qərara aldılar . Bu səfərdə bizə Hacıismayıllı kənd vətəndaşı, Tarix-Diyarşünaslıq muzeyində uzun müddət çalışmış  Səxavət  müəllim bələdçilik edirdi.

Məzarlıq haqqında ilk məlumatları da elə Səxavət müəllimdən aldıq. Sonra Hacıismayıllı kəndinin 85 yaşlı sakini Quliyev Güloğlan Alməmməd oğlu ilə evlərində görüşdük. Söhbət əsnasında öyrəndik ki, inanc  yerlərinin ətrafında üç qəbir var.

Birinci qəbir Sitarə xanıma aiddir.

İkinci qəbir Sitarə xanımın qardaşı  Mirhüseyin bəyindir.

Üçüncü qəbir də Sitarə xanımın qardaşı Tahir bəyindir.

Bəzən bura Tahir bəy ocağı kimi də söylənilir. Eyni zamanda “Sitarə xanımın cəddinə and içirəm!” kimi ifadələr də  mövcuddur.

Burada hansı nəticəyə gəlirik:

1)        Həm Qoç – baş daşı, həm də dairəvi qaratikan ağacı keçmiş zamanlardan yerli əhalinin inanc yeri  olub.

2)        Sitarə xanım vəfat edən zaman bu inanc obyektlərinin yanında dəfn olunub.

3)        Yerli adətə görə, vəfat edən ailə üzvüləri bir yerdə, yan-yana dəfn olunduğundan Mirhüseyin bəy və onun qardaşı Tahir bəy də Sitarə xanımın yanında dəfn olunublar.

4)        Onların inanc yerinə yaxın dəfn olunması Sitarə xanımın və onun qardaşlarının kəndlərində və ətraf ərazilərdə həm bəy, həm də seyid kimi böyük hörmət sahibləri olmalarıdır.

Qeyd etməliyik ki, Sitarə xanımın 82 yaşlı nəvəsi Hüsüynova Rayə Səmid qızı ( anası Bikəxanım) hələ sağdır.

Onun ifadəsinə görə, hər il aşura günündən bir gün əvvəl (vaveylə günü) məsciddən ələmi götürüb yuxarıda adları çəkilən ocaqların görüşünə gətirirmişlər.

Bu vaxt kişilərin ardınca qadın və uşaqlar da  həmin yerə gələrmiş. Ələm qaytarıldıqdan sonra orada ocaqlara niyyət edib müxtəlif rəngli parçalar bağlayarmışlar.

 

Biz, Qoç baş daşına və qaratikan ağacına bağlanan parçaların müxtəlif rənglərdə olduğunu gördük .

Diqqətimizi çəkən qoç fiqurunun yerli əhali tərəfindən inanc obyekti kimi istifadə olunmasıdır. İlk dəfə olaraq Cəlilabad ərazisində belə ziyarət olunan qoç – baş daşı ilə rastlaşırdıq…

İstər daşdan, istərsə gildən hazırlanmış qoç fiqurlara türk soylu xalqların yaşadığı əksər ərazilərdə rast gəlinir. O cümlədən Cəlilabad ərazisində  də belə fiqurlar mövcuddur.

Qoç fiqurları tarixi dövrünə, qayrılma materialına, metoduna, üzərində işləmələrinə , yazılarına və mövcud coğrafi əraziyə görə bir- birindən fərqlənir. Bizə indiyə qədər dörd  formada qoç fiquru rast gəlib:

1)        Daşdan hazırlanmış müxtəlif ölçülü qoç –  baş daşıları.

2)        Tökmə üsulu ilə bişmiş gildən hazırlanmış qoçun baş hissəsi.

3)      Bişmiş gildən hazırlanmış içərisi boş olan qoç fiqurları.

4)      Mini qoç fiqurlar

1-ci Daş – qoçlar məzarlıqlarda baş daşı kimi nəzərdə tutulurmuş.  2-ci və 3-cü tip qoçlar ev şəraitində büt kimi saxlanılırmış, 4-cü tip qoç fiqurlar boyunbağı aralığı – uğur gətirən amulet kimi istifadə edilirmiş.

Bişmiş gildən hazırlanmış ən kiçik ( 5 sm ) qoç başı və bişmiş gildən hazırlanmış ən böyük  ( 30 sm ) qoç baş daşı Cəlilabad rayonunun Şatırlı kındində tapılıb. Hal-hazırda rayon Tarix-Diyarşünaslıq muzeyində saxlanılır.

Qoç fiquru nəyi simvolizə edir? İnsanlar onu nədən bütləşdiriblər? Qoç fiqurundan baş daşı kimi istifadə etmək nə anlamı daşıyır?

– Qoç fiquru sevginin ( Allah Habilin Qoçunu bəyənib…), igidliyin ( İsmayılın əvəzində qurban kəsilib), bərəkətin simvoludur.

–  On iki bürcdən birinin adı da Qoç bürcüdür.

–  Qoç yeganə heyvandır ki, cənnətdə yemlənib, bir müddət orada qalıb (İslam hədislərində var). İnsanların da  Qoça olan münasibəti buradan qaynaqlanır.

 

Hacıismayıllı kənd ərazisindəki məzarlıqda aşkarlanan iki qədim inanc obyektinin tarixi əhəmiyyəti nədən ibarətdir.

Bütün türk soylu xalqların  yaşadıqları ərazilərdə istər qoç fiquruna, istərsə müxtəlif ağac növlərinə  həyat rəmzi kimi baxıblar. İnsanlar bu tip totemlərı ruhun qoruyucu  kimi başa düşüblər.

İnsanlar qoçu öz düşüncələrinə uyğun müqəddəsləşdiriblər. Cənnət otu yemiş , Cənnətdən qayıtmış – İsmayıl qurbanına çevirilmiş qoç , Allahın sevimli heyvanı olduğundan insanlar Qoçu müqəddəsləşdirmişlər. İlk növbədə , Qoç xilaskar rəmzi kimi dəyərləndirilib. Yəni , İsmayıl qurbanından sonra insanlar  qurban kəsilməkdən xilas olundu.

İkinci isə onu bərəkət və igidlik kimi dəyərləndirdilər.” Qoçum mənim !” , “ Qoç döyüşünə Qoç gərək ! “, İki Qoçun başı bir qazanda qaynamaz!”, “Ağ qoç,qara qoç (Məlikməmməd nağılı), Qoçubaşı, Qoçular dəstəsi, Qoçun buynuzu  özünə ağırlıq etməz!”, “ Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz “ və.s. ifadələr Azərbaycan foklorunda, İctimai-sosial  həyatında   da öz yerini tutub.

Qoça və  Qoç buynuzuna  belə bir münasibət Mesopotamiya ( Şumer) , indiki Türkiyə , Azərbaycan, Tuva, Orta Asiya, Şimali Qafqaz ərazilərində də tarixən mövcud olub.

Əsası odur ki, qoça ən qədim dövürlərə aid olan bu münasibət Azərbaycan ərazisində də müvcud olub. Nəticə odur ki, tariximizin, adətlərimizin, rituallarımızın türk dünyası ilə bağlı   olduğunu bir daha dərk edirik. Bunu  heç kim təkzib edə bilməz.

İkinci inanc yeri : –  Qaratikan ağacı hansı keyfiyyətlərinə görə insanların diqqətini  çəkib və onu “Həyat ağacı”  qəbul  ediblər?

1)        İsti və quraqlığa dözümlüdür.

2)        Kəsilən zamanı daha çox artir.

3)        Uzun ömürlüdür.

4)        İstənilən torpaq sahəsində  bitir.

 

Bu ağac da müqəddəsləşdirilmiş ağaclar sırasında var. Cəlilabad ərazisində “ Ağac ocağı ( Qoşa bulaq) , Seyidağac “ ( Şatırlı ) , Qarağac piri” ( Çinar)  kimi müqəddəsləşdirilmiş yerlər bizə məlum idi…

Hacıismayıllıdakı qara tikan totemi onlardan fərqilir. Burada qaratikan ağacları dairəvidir. Bu ağaclara müxtəlif rəngdə parçalar , baş örtükləri bağlanılır. Belə ziyarətgahlarda parçaların rənginə görə insanların istək və arzularını müəyyən etmək olur. Qara rəngli parçalar xəstə insanların istək və arzularını , ağ rəng şans, ruhun şad olması , qırmızı rəng zənginliyin  rəmzi kimi izah olunur.                                                                   Bu mövzuda diqqət çəkan məqamlardan biri də inanc yerlərinə bağlanan rəngli parçaların izahının  eyni olmasıdır. Yəni, hansı rəng hansı istək və arzuları bildirir…                                                                                                                                                             Bu müqəddəs sayılan ağaclardan ikisi  ( Çinar və Hacıismayıllı kəndləri əraziləri) yerli insanlar tərəfindən  hələ də inanc yeri kimi istifadə olunur. Digər iki kənddə olan ağaclar ziyarət yeri kim kimi istifadə olunmur. Müqəddəs ağaclar kimi toxunulmaz olaraq qalırlar. İnsanların özləri üçün seçdiyi  totem ağacları elmi ədəbiyyatlarda da “ Yaşam ağacı” və ya “ Həyat ağacı”  mənalarında işlədilir. Yakut və Altay türklərində “Yaşam ağacı”-na dünya ağacı da deyilir. Yaşam ağacı “Yaşadan ağac “mənasındadır. Yəni, yerlə (insanlarla) tanrı  arasında əlaqə yarada bilən enerji  mənbəyidir. Saxa xalqının inancına görə müqəddəs sandıqları topağın ruh sahibi Aan Dar-Xan Xotun (Xatun) adlanır. Onun şərəfinə ildə bir dəfə (yazda) müqəddəs sandıqları ağacın yanında mərasim təşkil olunur. Sonda ağaca müxtəlif rənglərdə lentlər bağlanılır.                                                Min klometrlərlə bir-birindən aralı yaşayan türk tayfaları arasında adət və ənənələrin, ritualların bu qədər yaxın olmasını necə anlamaq olar ? Sualın yeganı izahı, tarixən mövcud olmuş mənəvi-tarixi varisliyin mövcudluğu və yaşamasıdır.  Məsələyə zaman və mühit nöqteyi-nəzərdən yanaşanda adət və riuallarımızda, ənənələrimizdə qismən və ya nisbi dəyişikliklərin olduğunu müşahidə etməkdəyik. Lakin bu dəyişikliklər bizi bir-birimizdən uzaqlaşdırmaq gücündə olmayıb.                                                                                                                          Belə bir inanc yerlərindən biri də Azərbaycan Respublikasının Ağsu rayonun Tatar kəndindədir.

Qəbirüstü Qoç- daş fiqurlar haqqında praktik bilgilərdən fərqli ifadələrin işlənməsi səbəbindən, bizi qədim rityuallara əsasən müasir araşdırmaçıların, səyyahların fikirlərini qeyd etməyi vacib bildik.

1) Tiva türklərində Ovaa kultu var. Ovaa kultu çoxdur. Onlardan biri tayfanın, soyun adı ilə bağlıdır. Ona  “ Ovaa daqur “  deyirlər. “Ovaa daqur “un sahibinə ildə bir dəfə mütləq buynuzlu qoç kəsilərmiş. Kəsilmiş qoçun başı Ovaaya qoyulur. Buynuzlar, inama görə, şər qüvvələri   qorxutmaq üçündür. Ancaq, heç vaxt ovaaya iki qoç başı qoymazlar. Onda qurban kəsilən vaxt edilən niyyət baş tutmaz. Adət və ritual qaydaları pozulmuş olar.    Azərbaycan folklorunda, “Qvaa daqur  “ adətləri ruhuna uyğun gələn “ İki qoçun başı bir qazanda qaynamaz.” ifadəsi çox maraqlıdır. Dilimizdə ən çox işlənən deyimlərdən biri olmasına baxmayaraq , fikrin qeri- məntiqi olmasına diqqət etməmişik… oçağa elə qazan qoyarsan ki, nəinki  iki, dörd qoçun da başı yerləşər. Deməli, söhbət iki qoçun  başının  bir qazanda qaynamığından və ya qaynamamağından getmir. Məsələnin kökü adətə, ritual qaydalarına əsaslanır. Bizim üçün aydın olur ki, Ovaa kultu adı çəkilən atalar sözümüzün açarıdır. Folklorşünaslarımızın ən ümdə işi folklor nümunələrini toplamaqdırsa, ikinci işləri bu nümunələri araşdırıb, onlara  məntiqi nizam verməkdir.                                                                                       Bizə məlum olan məlumatlar əsasında  qeyd edirik ki, qəbiristanlıqlarda  qoç baş daşları və buynuz təsvirləri  Türk dünyasında ruhun qoruyucu,   şər qüvvələrə qarşı istifadə məqsədi ilə qoyulur.                                                                                     2023-cü ildə Cəlilabad rayonu ərazisində ( Xudutəpə )   aparılan arxeoloji qazıntı zamanı (Arxeoloq Anar Ağalarzadə ) təqribən üç metr dərinlikdə (üst və alt qatlarda) üç ədəd mikro qoç fiqurları tapıldı. Bu mikro qoçların əsas mahiyyəti və tarixi əhəmiyyəti ondan ibarətdir ki, onlardan amulet  kimi istifadə olunduğu müəyyənləşdirildi. Yeni olan bu faktlar qoç fiqurlar haqqında olan fikirlərimizi bir daha təsdiq etmiş oldu. Y.V.Çəmənzəminlinin “Qızlar bulağı” kitabında belə bir ifadə var:

 

Gəldik çeşməyə,

Sudan içməyə,

Ağca qoçlara,

 

təzim etməyə.

Ağca sözünün mənası təmiz, ağappağ deməkdir. Bu tip sözlər bizim lüğətimizdə çoxdur( ağ+ca, qara+ca, göy+cə və s.).     Bu misralar insanların inanc yeri kimi bilinən  ağ qoçların mövcudluğunu bildirir.

Naxçıvanda (Kəngərlilər), Qazaxıstanda qəbir daşı üzərində qoç təsviri və ya qoçun buynuzunun təsviri  olur. Yerli əhalinın  fikrinə görə, mənası odur ki, ölən insanın ruhunu şər qüvvələrindən qoruyur. Buynuz qoyulan yerə şər qüvvələr yaxınlaşmır.                                                                                    Türkmənistanda  Nöhür məzarlığında qoç buynuzları daha çoxdur və kütləvidir. Ağsu rayonunda Növçü daş-qoç qəbirləri pir olduğundan yerli əhali qoruyub saxlayır.  Qeyd etməliyik ki, Hacıismayıllı qəbiristanlığında həm qoç heykəl, həm də qoç buynuzunun  təsviri var. Bu iki amil bizim fikirlərimizin təsdiqi üçün önəmli faktlardır.

İstifadə olunan ədəbiyyat:

  1. Mirzəzadə Ə. “Cəlilabad – qədim abidələr diyarı”, Bakı, “Nərgiz” nəş., 2014.
  2. Mirzəzadə Ə. “Muğanın maddi-mədəniyyət abidələri”, Bakı, “Nərgiz” nəş.,2016
  3. Məmmədov A. “Arxeologiya və etnoqrafiya”, Gəncə. “Elm” nəş., 2008
  4. Fizuli Bayat. Dədə Qorqud, 2019

5.Vikipediya, “Tuba mifologiyasında qoç.Ovaa kultu”

 

 

Məqləni hazırladı: Cəlilabad “Tarixçilər Birliyi”

30.08.2023-cü il.

Paylaş:
Yuxarı