Xəbər

Həmsədrlərdən Alxanlıdakı təxribatla bağlı bəyanat

ATƏT-in Minsk Qrupunun həmsədrləri təcili olaraq Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırır.

Bu barədə həmsədrlərin ötən gün Füzuli rayonunun Alxanlı kəndində baş verən düşmən təxribatı ilə bağlı yaydığı bəyanatda bildirilib.

“Şiddət növbəti zorakılığa yol açır və heç nə vermir. Uzun sürən münaqişənin həlli üçün yeganə məsuliyyətli və humanitar yol tərəflərin xoş niyyətli danışıqlar masasına qayıtmasıdır”, – deyə bəyanatda vurğulanır.

Həmsədrlər bəyanatlarında həlak olanların ailələrinə başsağlığı veriblər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close