«Biz bu siyasətin yanındayıq!»

0 62

2018-ci il Azərbaycan Respublikasının siyasi tarixinə bir neçə mühim hadisələri yazmağa hazırlaşır. Cari ilin  “Cümhuriyyət ili” elan olunması, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması haqqında qərarın verilməsi bu gün yürüdülən dövlət siyasətinin tariximizə, milli-mənəvi dəyərlərimizə, keçmişimizə verdiyi dəyəri özündə təzahür etdirib, ən vacib məqsədimizin gənc nəsildə millətçilik, dövlətçilik ruhunun qana, cana hopdurmaq olduğunu qeyd-şərtsiz vurğuladı. 23 ay mövcud olmasına baxmayaraq Şərqdə ilk Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti olduqca böyük əhəmiyyətdə malik hadisələri xalqımızın tarixinə yazdı. Müsəlman xalqlarına əsarətdən azad olmağın yollarını göstərdi, dirçəliş ruhu gətirdi, onlara nümunə oldu. Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edildi. 1991-ci ildə Azərbaycan dövlətçiliyi bərpa edildi. Azərbaycan Respublikası Cümhuriyyətin varisi oldu. Ümummilli Liderimiz Heydər Əliyevin prezident olduğu zamanlardan daha dəqiq 1998-ci ildən başlayaraq Cümhuriyyət tarixinin öyrənilməsi üçün ciddi və geniş əhatəli işlər başladılmışdır. Cənab İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğı və dərin hörmət əlaməti olaraq 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi Cümhuriyyət ili çərçivəsində həyata keçiriləcək çoxsaylı tədbirlər  xalqımızda, xüsusən gənclərimizdə müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artırılmasında mühüm rol oynayacaq.

2018-ci ildə ölkəmizdə baş tutacaq ən mühüm hadisə prezident seçkiləridir. Oktyabr ayına planlaşdırılan seçkilərin tarixinin 11 aprel-ə dəyişdirilməsi cəmiyyətdə müxtəlif fikir ayrılığına səbəb olsa da bu qərarın əsasında ölkə əhəmiyyətli çox ciddi səbəblərin dayanması ən real ehtimaldır. Dövlət başçısı tərəfindən bu günə qədər verilən hər bir qərarın ancaq və ancaq cəmiyyətimizin və xalqımızın mənafeyinə xidmət etməsinin dəfələrlə şahidi olmuşuq ki, bu qərarın  da həmin istiqamətdə atılmasına  vətəndaş olaraq heç bir şübhəmiz yoxdur. 6 ayın siyasət tarixində olduqca qısa zaman kəsiyidir. 6 ay nə prezident seçkilərində namizəd olacaq şəxsin fəaliyyətində dönüş, nə də seçicilərdə fikir dəyişikliyi yaradacaq qədər böyük zaman kəsiyi olmadığı üçün tarix dəyişikliyinin seçki nəticəsinə də təsir etməyəcəyini yəqin etmiş olarıq. Bizim üzərimizə düşən vəzifə düşünərək, daxili və xarici prosesləri düzgün analiz edərək doğru seşim etməyimizdir.

Azərbaycanda xalq-iqtidar birliyi günü-gündən möhkəmlənir ki, bu birliyin gücü ilə ölkəmiz müstəqilliyinin gənc yaşlarından dünyaya nümünə ölkələr sırasına qoşulmuşdur. Ümid edirik ki, 2018-ci ildə keçiriləcək olan prezident seçkilərinin nəticəsi Azərbaycanda xalq-dövlət birliyinin dəyişməz, bölünməz olduğunu bir daha dünyaya sübut edəcək. Biz mərkəzində Azərbaycan vətəndaşının, Azərbaycan dövlətinin maraqları dayanaraq yürüdülən siyasətin yanındayıq!

Fidan Yusifli

Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi

Leave A Reply

Your email address will not be published.