Tarixə yaddaş ömür…

0 116

1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, respublikada qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İkiillik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi, insanlar saatlarla, bəzən günlərlə çörək növbələrində gözləyirdilər. Hətta o vaxtkı dövlət rəhbərləri televiziya vasitəsilə bəyan etmişdilər ki, cəmi birgünlük taxıl ehtiyatımız qalıb. Cəbhədə vəziyyət daha pis idi. Bir sözlə, bütövlükdə Azərbaycan iflic vəziyyətinə düşmüşdü. 1993-cü il iyun qiyamı isə vəziyyəti daha da ağırlaşdırdı, iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni xaosa sürükləyirdi, 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı addımlar da vəziyyəti düzəltmədi.  Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Hərbi qiyamı yatırmaq üçün hökümət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi, ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı, iki qardaş üz-üzə dayandı. 709 saylı hərbi hissənin kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını darmadağın etdi. Lakin qiyamçılar daha fəal hərəkət etdilər. Onlar qan tökmək istəməyən qvardiyaçıları şəhərdən çıxarmaq adı altında avtobusa doldurub güllələdilər. Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxlınlaşdılar. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı Gəncə hüdudlarını aşaraq, hər yerə yayılırdı. Bu elə bir dövr idi ki, daşnakların “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi xalqın ciddi tələbi ilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Azərbaycan xalqınının görkəmli oğlu–Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Bu gəlişlə daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi və hadisələri ətraflı öyrəndikdən sonra Milli Məclisdə bu barədə qəti sözünü dedi: “Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş, cinayəti təşkil etmiş adamlar hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır”.

Beləliklə, Milli Məclisdə Gəncə hadisələrinə hüquqi-siyasi qiymət verildi. Qardaş qırğınına meydan açanlar öz layiqli cəzalarını aldılar. Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin – Heydər Əliyevin Bakıya gəlişi və Gəncədəki vətəndaş müharibəsinin qarşısını alması respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı, xalqa ruh yüksəkliyi gətirdi, ölkədə sabitlik və əmin-amanlıq yaratdı.

1993-cü il iyun ayının 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına sədr seçildi. Həmin iclasda Ulu öndər çıxış edərək tarixi nitqini söylədi: “…Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm… Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm… Azərbaycan Respublikası bundan sonra da, onun başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.

3 oktyabr 1993-cü ildə isə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Müstəqil dövlətimizin–Azərbaycanın bütün dünyada tanınması, tərəqqisi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Xalqın xahiş və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. 1993-cü ildə «olum, ya ölüm» ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmişdir.

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyətlə apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış və nəhayət, 1994-cü ilin may ayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı.

Xalqımızın və dövlətimizin elə bir problemi olmamışdır ki, həmin problemləri kimsə Heydər Əliyev yüksəkliyində dərk etmiş olsun. O, hər hansı problemə həsr olunmuş yığıncaqda hərtərəfli biliyi, yüksək dünyagörüşü ilə həmin sahənin mütəxəssislərini belə heyrətləndirir, istər sənaye, istər kənd təsərrüfatı, istərsə də elm, maarif, mədəniyyət ilə bağlı məsələlərin müzakirəsində bütün iştirakçıları həmin sahənin əvəzedilməz bilicisi kimi idarə edirdi.

Onun adı və fəaliyyəti Azərbaycan etnocoğrafiyası ilə məhdudlaşmır. Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Dünya siyasətçiləri, beynəlxalq içtimaiyyət və xalqımız bu dahi insanı Heydər Əliyev olduğuna görə deyil, Vətən və Dövlət qarşısında gördüyü böyük işlərə, Azərbaycanda təhlükəsizliyin qorunmasına, siyasi və ictimai fəaliyyətinə görə qiymətləndirmişdir. Bu səbəbdəndir ki, dünyanın ən görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, tanınmış elm və mədəniyyət nümayəndələri Heydər Əliyev şəxsiyyətini yüksək qiymətləndirmiş, idarəetməni ondan öyrəndiklərini bildirmişlər. Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Böyük azərbaycanlı, dünya azərbaycanlılarının fəxri, milli və mənəvi lideri Heydər Əliyevin öz həmvətənlərinə müqəddəs əmanət qoyduğu müstəqil Azərbaycan onun ölməz ideyalarının işığında ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə inamla addımlayır. 2003-cü ildən bugünədək Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi möhtəşəm uğurlar Heydər Əliyev ideallarına, Ulu Öndərin siyasi kursuna sadiqliyin əyani təzahürüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın gələcəyə istiqamətlənmiş uğurlarının əsasıdır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.

Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşir. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi… Onun haqqında deyilən sevgi, məhəbbət dolu  sözlər, verilən qiymət bu gün də, sabah da, gələcəkdə də  deyiləcək və gələcək nəsillərə yadigar olaraq  bunlar tariximizin yaddaşına köçürülməlidir.  Hər bir Azərbaycanlının ürəyində, qəlbində daşıdığı, beynində və hafizəsində həkk olunduğu kimi, bu gün hər bir azərbaycanlının mənzilinin ən  hörmətli guşəsində  də  Ulu Öndərin  əzəmətli portreti  asılmalıdır. Səhər-səhər bız və körpələrimiz gözümüzü açanda ilk salamımızı ona verməli və xeyir duamızı onun müqəddəs ruhuindan və nurlu simasından almalıyıq. Bu bizim Ümummilli Liderə olan məhəbbətimizin, hörmətimizin ən bariz nümunəsidir. Ona görə də, Müstəqil Azərbaycan Respublikasının müasir dövlət quruluşu modelinin banisi, yaradıcısı, ona əbədi həyat bəxş edən ümummilli liderimiz Heydər Əliyev həmişə qəlbimizdə yaşayır və xalqımız tərəfindən daima hörmətlə anılır. Xalqımız və Azərbaycanımız  var olduqca, O da yaşayacaqdır ! Dünya durduqca Heydər Əliyev də yaşayacaqdır !!!

«Demokratik Cəmiyyətin İnkişafına Yardım» İctimai Birliyi

 

 

Leave A Reply

Your email address will not be published.