Kənd təsərrüfatının siyahıya alınmasına Cəlilabad yüksək səviyyədə hazırlaşıb – VİDEO

Bildiyimiz kimi 2025-ci il iyulun 15-dən avqustun 15-dək Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınması keçiriləcək. 

Regioninfo xəbər verir ki, bu prosesə Cəlilabad rayonu yüksək səviyyədə hazırlaşıb.

Cəlilabad Rayon Statistika İdarəsinin müdiri Arif Nəcəfovun verdiyi məlumata görə, təlimat üzrə bütün işlər görülüb.

Qeyd edək ki, kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər siyahıyaalma vərəqələrini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində dolduracaqlar. Fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə keçiriləcək.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi, əldə olunan məlumatların işlənilməsi, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər, müəllim və tələbələr, uçot sahəsində səriştəsi olan digər şəxslər cəlb olunmaqla siyahıyaalma qrupları yaradılıb və onlarla münasibətlər əmək müqaviləsi əsasında rəsmiləşdirilib.

Qərarın qəbul edilməsi ilə təsərrüfatların fəaliyyəti, kənd təsərrüfatı məhsullarının istehsalı, torpaqlardan istifadə və onların suvarılması vəziyyəti, istifadə edilən toxumların mənbəyi, gübrə və pestisidlərdən istifadə, cinslər üzrə heyvan və quşların sayı, istifadə olunan yemin növləri, akvakultura, kənd təsərrüfatı təyinatlı tikililər və texnika, işçi qüvvəsi və s. barədə aktual məlumatların əldə edilməsinə həmçinin cari statistik uçot məlumatlarının dəqiqləşdirilməsi həyata keçiriləcək.

Kənd təsərrüfatında baş verən proseslərin qiymətləndirilməsi və son siyahıyaalmadan ötən dövr ərzində baş vermiş struktur dəyişikliklərin təhlilinə, aqrar bölmədə həyata keçirilən dövlət siyasətinin informasiya təminatının yaxşılaşdırılmasına və bu sahənin gələcək inkişafı ilə bağlı qərarların qəbul edilməsi üçün statistik məlumat istifadəçilərinin keyfiyyətli məlumatlarla təmin edilməsinə imkan yaranacaq.

Paylaş:
Yuxarı