Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə başlanılır

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki dövlət məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələrinə yerdəyişmə prosesinə qeydiyyat başlayır.
Müsabiqədə hazırda dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində müddətsiz əmək müqaviləsi ilə çalışan şəxslər iştirak edə bilər.
 Yerdəyişmə ilə bağlı müraciətlərə yaşayış yerinin yerdəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə baxılır. Qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindən asılı olmayaraq müsabiqədə iştirak edə bilməz.
Yerdəyişmə etmək istəyən namizədlər 06 aprel 2024-cü il tarixindən 9 aprel 2024-cü il tarixinədək Şirvan-Salyan Regional Təhsil İdarəsində yaradılmış müvafiq komissiyaya tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqəsinin surəti;
Ali və ya orta ixtisas təhsili haqqında diplomun surəti;
Əmək kitabçasının surəti;
Yerdəyişmənin səbəbini təsdiqləyəcək dövlət qurumlarından əldə edilmiş arayışlar (yaşayış yerinin dəyişməsi, yoldaşının iş yerinin dəyişməsi, tibbi göstərişlərə əsasən və s.).
Yerdəyişmə etmək istəyən şəxslər tələb olunan sənədləri şəxsən özü təqdim etməlidir. Təqdim olunmuş sənədlərə əsasən namizədlərin tələblərə uyğunluğu komissiya tərəfindən yoxlanıldıqdan sonra yerdəyişməsi məqbul hesab edilən tərbiyəçi-müəllimlər barədə məlumatlar əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün İdarə tərəfindən aidiyyəti məktəbəqədər təhsil müəssisələrinə göndəriləcək.
Bir vakant yerə birdən çox müraciət olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük veriləcək:
1) Şəhid ailəsi üzvlərinə;
2) Daha yüksək təhsil pilləsini (səviyyəsini) bitirənlərə;
3) Pedaqoji stajı daha çox olan tərbiyəçilərə;
4) Həyat yoldaşının hərbçi, Vətən müharibəsi iştirakçısı, dövlət qulluqçusu olması;
5) Bütün namizədlər tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edibsə, test balı.
Paylaş: