Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

“Ayfon X” istehsalında uşaq əməyindən istifadə edilib

Apple”şirkətinin “Ayfon X” istehsalında çinli məktəbliləri qeyri-qanuni şəkildə işlətdiyi iddia edilir.
Regioninfo.az xəbər verir ki, bununla bağlı məlumat yayan “Financial Times” Çinin Çengçou şəhərində məktəb şagirdlərinin ifadələri əsasında belə bir məsələni gündəmə gətirdiyini yazıb.
Xəbərə görə, “Əpl”ın bir çox cihazını istehsal edən “Foxconn” şirkəti “Ayfon X” istehsalı zamanı 17-19 yaşlı uşaqların əməyindən istifadə edib. Belə ki, təcrübə keçmək üçün şirkətə müraciət edən şagirdlərin qanuni olaraq həftədə 40 saat işləməli olduqları halda gündə 11 saatdan çox işlədildiyi iddia edilir.
Bu məsələdə məktəblərin də məsuliyyət daşıdığını deyən Yang adlı şagird oxuduğu məktəblə “Foxconn”şirkətinin müqaviləsi olduğunu deyib: “Buna görə də biz fabrikdə işləməliyik. Fabrikdə gördüyümüz işlərin təhsilimizlə heç bir əlaqəsi yoxdur. Qanunları heçə sayaraq bizi işlətdilər. Gündə 1200 ədəd “Ayfon X” kamerasının montajını edirdim”-deyə bildirib.
“Əpl” və “Foxconn” şirkəti uşaqları işlətdiklərini etiraf ediblər. Lakin onlar şagirdlərin könüllü olaraq işlədiklərini bəyan edib. Hər iki şirkət uşaqları çox işlətmədiklərini və işlədiklərinə görə təzminatların ödənilməsi üçün lazımı tədbirlərin görüldüyünü bildiriblər.
“Foxconn” əməkdaşlarından biri yeni cihazların istifadəyə verildiyi zaman uşaqları işə götürdüklərini deyib. Şirkət rəsmisi bu müddət ərzində işçilərinin sayının 100 mindən 300 minə qədər artdığını bildirib. Bunun nəticəsində gündə 20 mindən çox mobil telefon istehsal edilib.
Çin Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama verməsə də, Çengçou şəhərinin təhsil departamenti şirkətlərin şagird və tələbələr üçün təcrübə qazanmaqda kömək etdiyini deyib.