Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Yol polisindən XƏBƏRDARLIQ: 150 manat cərimələnəcəklər

Noyabrın 16-dan etibarən yol polisi qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüzlərdən istifadə edən avtomobil sahibləri və sürücülərə qarşı lərə başlayacaq.
Regioninfo.az bildirir ki, bu barədə Modern.az-a Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

V.Əsədov sürücüləri qanunun tələblərinə riayət etməyə çağırıb:

“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təyin etdiyi normaya, eləcə də “Yol hərəkəti haqqında” Qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi qərara əsasən, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilib.
Təyin olunmuş standarta və tələblərə görə, nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış, sürücülər tərəfindən adətən “ştorka” adlandırılan jalüzlərin quraşdırılaraq idarə edilməsi müddəti başa çatır və bu, nəzərə alınmalıdır. Bəzi sürücülər tünd pərdə və plyonkalardan istifadə edirlər ki, bu da qanunla qadağandır. Noyabrın 16-dan etibarən yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndiriləcək və bu istiqamətdə müvafiq tədbirlər görüləcək, qanunla qadağan edilmiş pərdə, plyonka və jalüzlərdən istifadə edən avtomobil sahibləri və sürücülər cərimələnəcəklər”.

V.Əsədov qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar.