Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

“Əgər bir vətəndaş hüquqlarını tələb etmirsə…”

 

Tarixin hökmü və Azərbaycan xalqının mübarizəsi sayəsində ölkəmiz XX əsrin sonlarında yenidən öz müstəqilliyinə qovuşdu. Bu gün Azərbaycan Respublikası çoxşaxəli şəkildə inkişaf edir və bütün istiqamətlərdə böyük uğurlar qazanır. Bütün bunlar müasir Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli lideri H.Əliyevin və onun layiqli davamcısı İ.Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizi, Azərbaycan xalqının birliyini və həmrəyliyini qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdi. Ölkəmizin 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olması, daha sonra “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etməsi demokratik ənənələrə sadiqliyin ifadəsidir.
Demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Əgər bir vətəndaş öz hüquq və azadlıqlarınının nədən ibarət olduğunu bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etmirsə, onda nə demokratiya, nə də vətəndaş cəmiyyətindən danışmağa dəyər. Demokratiya sürətlə qloballaşan dünyada hər bir dövlətin sabit inkişafının mühüm şərtidir və vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı sayılır. İnsanların onillər boyu təcrübədən çıxardığı demokratik dəyərlər dünya ölkələrinin əksəriyyətində milli inkişaf strategiyası kimi müəyyənləşdirilmiş, dövlət idarəçiliyinin, birgəyaşayışın, vətəndaş-hakimiyyət münasibətlərinin tənzimlənməsinin ən ahəngdar forması kimi dəyərləndirilmişdir.
Müstəqil Azərbaycan qloballaşan dünyanın tamhüquqlu subyekti kimi heç bir kənar təsiri, müdaxiləni qəbul etmədən demokratik dəyərlərə doğru inamla irəliləyir. Respublikamızın sosial-iqtisadi sahədə ildən-ilə daha böyük uğurlar qazanması, beynəlxalq layihələrin gerçəkləşdirilməsində əsas söz sahibi kimi çıxış etməsi, regionda lider dövlətə çevrilməsi və ən nəhayət, insanların maddi rifah halında özünü göstərən kardinal dəyişikliklər Azərbaycanda demokratik inkişaf kursunun əbədi və dönməz olmasına ən başlıca təminatdır.
Azərbaycan demokratik inkişafın yalnız təkamül yolunu qəbul edir və bu istiqamətdə inamlı addımlar atır. Əsrlər boyu təşəkkül tapmış milli ənənələri bir anda məhv etmək mümkün deyil. Əgər ölkənin həyatına kənardan müdaxilənin nəyə gətirib çıxaracağı barədə ümumi təsəvvür yoxdursa, dövlətin tarixi inkişafının xüsusiyyətlərinə və xalqın mentalitetinə, habelə dövlətdə formalaşmış qaydalara məhəl qoymamaq tamamilə fəsadlı və səhv yanaşmadır. Demokratik dəyər və normaların cəmiyyətdə möhkəmlənməsi, özünə möhkəm dayaqlar tapması üçün, ilk növbədə, insanların maddi rifah halı, yaşayış və düşüncə tərzi mütərəqqi dəyişikliklərə məruz qalmalıdır. Maddi sıxıntılar içərisində yaşayan insan azad ola bilməz və iqtisadi baxımdan inkişaf etməmiş hansısa cəmiyyətdə demokratiya qurmaq mümkün deyil. Demokratiyanın fundamental şərti məhz azadlıqdır – insanın tam azadlığı isə təkcə qanunun və hüquq qaydalarının deyil, həm də iqtisadi müstəqilliyin hökm sürdüyü cəmiyyətlərdə mümkün ola bilər.
Siyasi demokratikləşmənin prinsipləri və təsisatları siyasi təcrübədə işlənib hazırlanmış müxtəlif demokratik texnologiyalarda reallaşır. Bu texnologiyaya, başqa sözlə proseduraya seçkilər, səsvermə, plebist, referendumlar, danışıqlar, kompromislər və s. aiddir. Hazırda birbaşa seçkilərə üstünlük verilməsi heç də təsadüfi deyil. Birbaşa seçkilər seçki kampaniyasının tam legitimliyini təmin edir.
Bütöv ictimai hadisə olan demokratiyada seçkilər mühüm əhəmiyyət kəsb edir. Demokratiyanın tamlığı xeyli dərəcədə seçkilərin özünün texnikasından, parlamentin seçilməsi yollarından, digər hakimiyyət və idarəetmə orqanlarının seçilməsi qaydalarından, seçicilərin bərabərhüquqlu seçim dərəcəsindən, ümumi seçki hüququna necə əməl edilməsindən, açıq və ya gizli səsvermədən və digər texnologiyalardan asılıdır.
Siyasi demokratikləşmə təsisatları sistemində kütləvi informasiya vasitələri özünəməxsus əhəmiyyətə malikdir. Adətən «hakimiyyətin dördüncü qolu» adlandırılan KİV-dən kənarda demokratiya ağlasığan deyil. KİV hakimiyyət strukturları ilə bilavasitə bağlıdır, onlar bir-biri ilə qarşılıqlı əlaqəyə malikdir. KİV eləcə də siyasətin ayrılmaz tərkib hissəsidir. Həyat fəaliyyətinin digər növlərinə nisbətən siyasət xüsusi məlumat mübadiləsi vasitələrinə daha çox ehtiyac duyur.
Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi olaraq qarşımızda duran ən mühüm vəzifə cəmiyyətimizin demokratik dəyərlərə sadiqliyini təmin etmək və bu dəyərlərin bütün sahələrdə tətbiqinə və inkişafına nail olmaqdır.