Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Azərbaycan inkişaf yolunda…..

 

1993-cü il oktyabrın 3-də yüksək etimad qazanan Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı və Azərbaycan Prezidenti seçildi.
Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran ümummilli lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. “Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir” söyləməklə dünya sivilizasiyasına daxil olmağın yollarını müəyyənləşdirdi, prioritetləri qarşıya qoydu.
Ulu öndər demokratik, sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunmasını, çoxpartiyalı sistemin yaradılmasını, müxalif qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi.
Bunun nəticəsidir ki, artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkirdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilir.
İnsan hüquqları və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən hüquqi islahatların ən mühümü, məhz yaşamaq hüququdur. 1993-cü ildə ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış və 1998-ci il fevralın 10-da, Şərqdə ilk dəfə olaraq, ölkəmizdə ölüm cəzası ləğv edilmişdir.
Ümummilli liderin 2002-ci il 22 iyun tarixli fərmanı ilə Konstitusiyada dəyişikliklər edilməsi üçün referendum təyin olunmuş və bununla da ölkəmizdə demokratik islahatlar yeni vüsət almışdır. Daha sonra ölkəmiz “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, məhkəmə islahatları həyata keçirilmiş, seçki sistemi təkmilləşdirilmiş, mətbuat və söz azadlığının daha etibarlı müdafiəsi təmin olunmuşdur.
Aparılan uğurlu demokratik islahatlar nəticəsində Azərbaycan 2001-ci ilin yanvar ayında Avropa Şurasına qəbul edilmişdir. Ölkəmizin Avropaya inteqrasiyasını reallığa çevirmiş bu hadisə, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsində görülən nəhəng işlərin məntiqi nəticəsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin ölkəmizin demokratik inkişafı və tərəqqisi naminə həyata keçirdiyi demokratik islahatlar Azərbaycanın Avropaya inteqrasiyasına etibarlı zəmin yaratmışıdır.
Müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası bugünkü və gələcək nəsillər üçün örnəkdir. Bu strategiya ölkəmizin hərtərəfli inkişafını və tərəqqisini təmin etmiş, müstəqil, demokratik və hüquqi dövlətin yaradılması ilə nəticələnmişdir. Qəti əminliklə deyə bilərik ki, ulu öndərimizin siyasi kursu yaradıcılıqla davam etdirilir, xüsusilə demokratik inkişaf sahəsində bu kurs təkamül prinsipinə əsaslanır.
Ulu öndər Heydər Əliyevin qoyduğu yol bu gündə davam edir və günü-gündən inkişaf edir. Heydər Əliyev dövlətçilik ənənələrinin davamçısı İlham Əliyev ölkənin demokratik inkişafının qarantıdır. Prezident İlham Əliyev gösərir ki, “Bizim seçimimiz demokratiya, sülh, multikulturalizm və əməkdaşlıqdır, Dövlət iqtisadi baxımdan zəif olanda təsir altına düşür”
Məhz təsir altına düşməmək üçün demokratik dəyərlərə əsaslanaraq iqtisadi və mədəni inkişafımızın təmin edilməsində hər bir Azərbaycan vətəndaşı öz töhfəsini verməlidir.

Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi.