Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Azərbaycan güləşçiləri Qitələrarası Kubok uğrunda mübarizə aparacaqlar

Azərbaycan sərbəst güləşçiləri oktyabrın 14-də start götürəcək Qitələrarası Kubokda iştirak etmək üçün Dağıstanın Xasavyurt şəhərinə yollanıb.

Regioninfo.azın məlumatına görə, iki gün davam edəcək yarışa Yığma komandanın məşqçiləri Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında 11 pəhləvan qatılıb. Dağıstan Respublikasına Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə, Qalib Əliyev (hər ikisi 61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov, Murtuzəli Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 70 kq), Aleksandr Qostiyev, Hacımurad Məhəmmədsəidov (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) güləşəcək. Görüşləri idarə edənlər arasında isə Azərbaycandan beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev olacaq.

Qeyd edək ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Polşa, Rumıniya, Peru, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna və Belarus idmançılarının iştirakı gözlənilir.