Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

ABŞ rəsmisi Türkiyə XİN-nə çağırıldı – Qalmaqal böyüyür

ABŞ-ın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Filip Kosnett Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Regioninfo xəbər verir ki, bu barədə “Haber7″yə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən görüş zamanı tərəflər Türkiyə ilə ABŞ arasındakı viza sanksiyası məsələsini müzakirə edib.

Kosnettdən ABŞ-ın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza məhdudiyyətini aradan qaldırması istənilib.

Qeyd edək ki, bu gün Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsi prosesi tam dayanıb. Tərəflər arasında diplomatik qalmaqal ötən həftə Türkiyədə ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra baş verib. Rəsmi Ankara onu ötən il Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə əlaqədə şübhəli bilir. Lakin rəsmi Vaşinqton ittihamları qəbul etməyib.

Diplomatik qalmaqal birjaya dərhal öz təsirini göstərib və Türkiyə lirəsinin ucuzlaşmasına səbəb olub. Milli valyuta bir gündə dollara və avroya nisbətdə 3 faiz dəyər itirib.

Qeyd edək ki, qeyri-immiqrasiya vizaları turistlərə, həmçinin ölkəyə müalicəyə, biznes səfərlərinə, müvəqqəti işləməyə və ya təhsil almağa gələn xarici ölkə vətəndaşlarına verilir.