SON XƏBƏRLƏR
21 May 2019
20 May 2019
19 May 2019
Prezident İlham Əliyev: Heydər Əliyev öz həyatını Azərbaycan xalqına həsr edib - VİDEO
CƏMİYYƏT 05:07 / 12.05.2019

''Azərbaycan xalqı Heydər Əliyevi sevib, ona inanıb və həmişə dəstək olub. O isə öz həyatını Azərbaycan xalqına həsr edib''.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, sovet dövründə - 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilib. Heydər Əliyev Sovet İttifaqında yüksək vəzifə tutanda da Azərbaycanı heç vaxt unutmayıb.

Dövlət başçısı AXC-Müsavat cütlüyünün Azərbaycan xalqına xəyanətlərindən də danışıb. Bildirib ki, Azərbaycan xalqı bu xəyanətkar hakimiyyətə bir il dözə bildi. Prezident İlham Əliyev qeyd edib ki, xalqın Heydər Əliyevə göstərdiyi inam, etimad imkan verdi ki, ölkə ağır vəziyyətdən ləyaqətlə çıxa bilsin. Əsrin kontraktının imzalanması Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətlərindən biridir. Bu kontrakt Azərbaycan üçün ən məqbul şərtlərlə imzalanıb və bugünkü reallıqda özünü göstərir. Prezident İlham Əliyev Əsrin müqaviləsinin müddətinin 2050-ci ilə qədər uzadıldığını və Azərbaycanın bunun faydasını görəcəyini deyib.

Dövlət başçısı 2003-cü ildə xalqın yenidən Heydər Əliyev siyasətinə səs verdiyini bildirib. Prezident İlham Əliyev həmin dövrlərdən ölkəmizin nail olduğu daxili və xarici uğurlardan danışıb. Qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.

Prezident İlham Əliyev ordu quruculuğu, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də bəhs edib. Qeyd edib ki, son 15 il ərzində əməkhaqqının, pensiyanın 10 dəfəyə yaxın artırılması ölkədə aparılan sosial siyasəti göstərir. Bu müddət ərzində 100-dən çox şəhərcik salınıb, 100 minlərlə köçkün yeni evlərlə, mənzillərlə təmin edilib, iqtisadiyyat 3 dəfə artıb. Prezident İlham Əliyev ölkədə digər sosial layihələrin uğurla icra edildiyini, iqtisadiyyatın şaxələndirildiyini, neft-qaz amilindən asılılığın aşağı salındığını deyib. Dövlət başçısı Azərbaycanın bundan sonra da islahatlar yolu ilə gedəcəyini bildirib. Prezident İlham Əliyev bu islahatlar nəticəsində əldə edilən vəsaitlərin sosial sahələrin inkişafına böyük təsir göstərdiyini diqqətə çatdırıb.

Dövlət başçısı dünən açılışı olan ilk DOST Mərkəzinin sosial təminat sahəsində bir inqilab olduğunu qeyd edib. Prezident bildirib ki, Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan artıq 13 ildir ki, fəaliyyət göstərir və ölkəmizə gəlir gətirir. Açıq dənizə çıxışı olmayan Azərbaycan nəqliyyat mərkəzinə çevrilib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan onilliklər, yüzilliklər ərzində tranzit imkanlarından istifadə edərək öz büdcəsini artıracaq. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, əsas məqsəd Azərbaycanı mümkün olan risklərdən qorumaqdır. Dövlət başçısı bildirib ki, bu asan məsələ deyil. Dünyada geosiyasi vəziyyət fərqlidir, bölgədə yeni çağırışlar meydana çıxır. Bunları nəzərə alaraq, ölkəmizin maraqlarını müdafiə etməliyik. Dövlət başçısı Azərbaycan xalqının müdrik olduğunu , hər şeyi yaxşı bildiyini və heç vaxt antimilli, xəyanətkar ünsürlərə imkan verməyəcəyini deyib.

Prezident İlham Əliyev məhkəmə-hüquq sistemindəki islahatlara da toxunub. Qeyd edib ki, hazırda bununla bağlı ciddi əməli işlər aparılır. Dövlət başçısı, həmçinin pilot layihə kimi icra olunan icbari-tibbi sığortanın nəticələrinin gözləniləndən artıq müsbət olduğunu deyib.

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən də bəhs edib. 15 ildə Fondun ölkəmiz və xalqımız üçün bir sıra vacib layihələr icra etdiyini, təhsil, səhiyyə, mədəniyyət sahəsində əhəmiyyətli işlər görüldüyünü bildirib.

"Bütün planlar reallaşacaq, buna bizim iradəmiz də, gücümüz də çatır, xalq da bizi dəstəkləyir" deyən Prezident bildirib ki, Azərbaycan bundan sonra da qələbələr yolu ilə gedəcək.

Sonra Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə Heydər Əliyev Mükafatını təqdim edib.

Tədbirdə Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Qızıl çinar" beynəlxalq mükafatının 2019-cu il üzrə qalibləri elan olunub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Əməkdar artist Fuad İbrahimova və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin direktor müavini Zərifə Məmmədovaya "Qızıl çinar" beynəlxalq mükafatlarını təqdim edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Ulu Öndərin əlyazmasını Heydər Əliyev Fonduna təqdim edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşüblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.